Rusiyanın "Utair" aviaşirkəti maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandıra bilər.
ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Utair" və onun törəmə müəssisələri ötən ili 22 mlrd. rubl həcmində (təxminən 341 mln. ABŞ dolları) xalis zərərlə başa vurub. Qrupun 31 dekabr tarixinə qısamüddətli öhdəlikləri 75 mlrd. rubla (1,2 mlrd. dollar) çatıb, xalis aktivləri isə mənfi 30,6 mlrd. rubl (474,1 mln. dollar) təşkil edib.
Qış mövsümündə fəaliyyətini təmin etmək məqsədilə şirkət kreditlər üzrə (7 illik kreditlər) faizlərin ödənişində gecikmələrə yol verib. Belə kreditlər üzrə borc (ilin sonuna 65,8 mlrd. rubl və ya 1 mlrd. dollar) təkrar maliyyə və ya restrukturizasiya olunmalıdır.
Aviaşirkətin Bakı nümayəndəliyindən ONA-ya erilən xəbərə görə, hazırda "Utair"in Azərbaycana həyata keçirdiyi reyslərin reallaşdırılmasında heç bir problem yaşanmır.
"Şirkətin borcların olub-olmaması ilə bağlı bir şərh verə bilmərik. Onu deyə bilərik ki, Azərbaycana reyslər problemsiz və vaxtlı-vaxtında həyata keçirilir",- şirkətdən bildirilib.
Nümayəndəlikdən əlavə olunub ki, "Utair" hər gün Moskva-Bakı-Moskva (Vnukovo aeroportu) və həftənin üçüncü günü Surqut-Bakı-Surqut reysləri üzrə uçuşlar həyata keçirir.