Rusiyanın "Utair" aviaşirkəti 2019-cu ilin iyun ayından etibarən Moskva-Bakı aviareysi üzrə uçuşları dayandıra bilər. Bu barədə ONA-ya şirkətin Bakı nümayəndəliyindən bildirilib.
Aviaşirkətin məlumatına əsasən, hazırda "Utair" hər gün Moskva-Bakı-Moskva (Vnukovo aeroportu) və həftənin üçüncü günləri Surqut-Bakı-Surqut reysləri üzrə uçuşlar həyata keçirir.
"Şirkət iyun ayından etibarən yay mövsümü ərzində Moskva-Bakı aviareysi üzrə uçuşları müvəqqəti olaraq dayandıra bilər", - deyə nümayəndəlikdən bildirilib.
Şirkət yay aylarında digər istiqamətlər üzrə tələbatın artması səbəbindən təyyarə qıtlığı ilə üzləşə bilər və məhz bu səbəbə görə "Utair" Bakı reyslərinin müvəqqəti dayandırılması barədə danışıqlar aparır.
Şirkət Bakıya reysləri dayandırıb, təyyarələri yay mövsümündə iqtisadi baxımından daha səmərəli sayılan istiqamətlərə yönəldə bilər.
"Hazırda bu istiqamət üzrə reyslərin dayandırılması mövzusu ətrafında nümayəndəlik və şirkət arasında danışıqlar aparılır", - deyə nümayəndəlikdən əlavə ediblər.