• İQTİSADİYYAT

    16:43 8 may 2019

Vergilər Nazirliyinin Apelyasiya Şurası 22 vergi ödəyicisinin müraciətindən 2-ni tam, 1-ni isə qismən təmin edib

Bu ilin birinci rübü ərzində Azərbaycan Vergilər Nazirliyinin Apelyasiya Şurasında baxılmış 22 vergi ödəyicisinin müraciətindən 2 vergi ödəyicisinin şikayəti tam, 1 vergi ödəyicisinin şikayəti isə qismən təmin edilib. 4 vergi ödəyicisinin şikayəti isə işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.

Vergilər Nazirliyindən ONA-ya verilən məlumata görə, ötən rüb ərzində Şura tərəfindən 15 vergi ödəyicisinin şikayətinə isə mahiyyəti üzrə baxılmayıb ki, bu şikayətlərdən 7-si şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, 7-si şikayətin verilmə müddətinin buraxılması və 1-i şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl olunmaması ilə bağlı olub.

2019-cu ilin birinci rübü ərzində Şura tərəfindən baxılmış şikayətlər üzrə qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına verilmiş təkrar şikayətlər Apelyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməyib. Başqa sözlə, Şuranın qərarları dəyişdirilmədən saxlanılıb, digər mahiyyəti üzrə baxılmamış şikayətlər üzrə isə Şuranın gəldiyi nəticələr əsaslı hesab edilib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR