• İQTİSADİYYAT

    16:28 28 fevral 2019

Vətəndaşların devalvasiya nəticəsində ödədiyi əlavə kredit faizləri geri qaytarılacaq - YENİLƏNİB

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar mətbuat konfransı keçirib.

ONA-nın məlumatına görə, icraçı direktoru bildirib ki, fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min dollaradək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödəniləcək.

Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnənin dəyişdiyi tarixlər əsas götürülüb. Dəstək nəticəsində vətəndaş 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixlərinə olan məzənnə ilə krediti ödəyəcək.

Eyni zamanda vətəndaş əlavə ödəniş edibsə, həmin vəsait onun özünə qaytarılacaq. Yəni devalvasiya ilə bağlı manatla artmış hissə vətəndaş tərəfindən indiyə qədər ödənilibsə, geri qaytarılacaq. Bu vəsaiti vətəndaşa qaytarmağın mexanizmi hazırlanacaq. Fərmanın birinci hissəsi 450 min, ikinci hissəsi 400 min insanı əhatə edəcək, ümumilikdə isə 850-900 min insanın kredit probleminin həllinə dövlət dəstəyi veriləcək.

V.Qasımlı deyib ki, restrukturizasiya üçün banklara və kredit təşkilatlarına dəstək üçün 682 milyon manat veriləcək: “Söhbət dollarla kreditin manatla bağlanmasından gedirdisə, banklar üçün problem yarana bilərdi. Buna görə bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kredit hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR