Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır.
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi tikilib və artıq əməliyyatlara başlanılıb.
"Həqiqətən, bu, uğurlu təşəbbüsdür və dəhlizin yaradılması heç də asan başa gəlməyib. Əlbəttə, bizim üçün imkan olarsa və ya başqa kəmərlər, yaxud beynəlxalq cəlbedici təkliflər olarsa, biz bu imkanlardan yararlanacağıq”, - deyə V. Bəylərbəyov qeyd edib.
SOCAR-ın rəsmisi həmçinin bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin yalnız “Şahdəniz” üçün qurmayıb və burada həm Azərbaycanda, həm də ölkədən kənarda olan yataqlar da nəzərə alınıb.
"Yəni fərq etməz, Transxəzər xətti olsun, yaxud Cənub Qaz Dəhlizi boyunca uzanan kəmərlər. Bu dəhlizə bütün başqa hasilatçılar qoşula bilər", - deyə V. Bəylərbəyov əlavə edib.