Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”
  • İQTİSADİYYAT

  • 12:36 26 Mart 2020

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən APA-ya verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılıb: “Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb”.

V. Qasımlı qeyd edib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir.

“Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.  

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı “Böyük 20-liy”ə müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək “rahatlığı”, inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər”, - deyə o vurğulayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR