• İQTİSADİYYAT

    11:15 16 mart 2020

Vüsal Qasımlı: "Manatın real effektiv məzənnəsi yüksəlir"

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Econommics"ə verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.

Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi 1,4%, Ukrayna qrivnası 5,9%, Çin yuanı 0,39% və qazax tengəsi 6,7% dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

V. Qasımlının fikrincə, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar – alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, "Big Mac" indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub.

"Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 dollardır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 dollara almaq mümkündür", - deyə V. Qasımlı qeyd edib.

O həmçinin əlavə edib ki, ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən "beynəlxalq dollar" göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür.

"Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 dollar, Belarusda 0,25 dollar, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 dollar, Qazaxıstanda 0,31 dollar və Rusiyada 0,39 dollar səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib. Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın dollar qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır", - deyə V. Qasımlı bildirib.

Mərkəzinin icraçı direktoru hesab edir ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabət qabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR