• İQTİSADİYYAT

    16:50 28 fevral 2019

Vüsal Qasımlı: "Vətəndaş dollarla krediti hansı məzənnə ilə götürmüşdüsə, həmin kursla da qaytaracaq"

“2015-ci il fevral ayının 21-də və dekabrın 21-də məzənnə dəyişikliyi baş verib. Əvvəlcə manatın dollara nisbətdə məzənnəsi 0,78 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırılıb. Bu, xarici valyutada kredit cəlb etmiş fiziki şəxslərin ödəniş qabiliyyətində müəyyən çətinliklər yaradıb”.

ONA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

İcraçı direktor bildirib ki, fərmana əsasən, 2015-ci il fevralın 21-dən dekabrın 21-dək hər dollara qarşı 25 qəpik, dekabrın 21-dən isə hər dollara qarşı 60 qəpik kompensasiya nəzərdə tutulur: “Təsəvvür edin ki, 2015-i il fevral ayının 21-dən əvvəl bir fiziki şəxs 10 min dollar məbləğində kredit götürüb. O zaman 10 min dollar 7 800 manata bərabər idi. 2015-i il fevralın 21-də baş vermiş məzənnə dəyişikliyindən sonra 10 min dollar 10 min 500 manata bərabər olub. Yəni 2700 manat fərq yaranıb. Birinci kompensasiya məbləği, yəni hər 1 dollara görə 25 qəpik - 2500 manat bu fərqin aradan qaldırılması üçündür. İkincisi, 21 dekabr 2015-ci il tarixdən məzənnə 1,55 manat olub. Bu o deməkdir ki, 10 min dollar 15 500 manata bərabər olub. Artıq məzənnədəki fərq 7 700 manat təşkil edib. Prezidentin fərmanında bu fərqin aradan qaldırılması nəzərdə tutulur. Yəni devalvasiya nəticəsində manatla artmış fərqi dövlət kompensasiya edir. Sanki vətəndaş dollarla krediti hansı məzənnə ilə bankdan götürmüşdüsə, dövlətin dəstəyi nəticəsində həmin kursla da geri qaytaracaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR