Xaçmaz rayonunun Qaraçayçək kəndində tikilmiş toxum emalızavod istifadəyə hazırdır və mövsüm dövründə - iyun ayının 1-də fəaliyyətə başlayacaq. ONA-nın Şimal bürosunun verdiyi məlumata görə, bunu Quba-Xaçmaz regionunda fəaliyyət göstərən fermerlərə zavodun imkanları haqqında məlumat verən Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev məlumat verib.
Onun sözlərinə görə, Xaçmaz Toxum Emalı zavodu saatda 5 ton toxum emal etmək gücünə malikdir. Müəssisə mövsüm dövründə 4 000 tondan çox toxum emalını həyata keçirməklə, regionda istehsal olunan toxum materialının 20%-dən çoxunu təmizləyib toxumçuların istifadəsinə verəcək.
E. Əliyev zavodun toxumçuların məhsulunu emal etməklə yanaşı, həm də istehsal etdikləri toxumun alıcısı ola biləcəyini qeyd edib.
Dövlət Toxum Fondunun rəhbəri Şəkidə inşa edilən toxumçuluq müəssisəsinin də yaxın günlərdə açılışının olacağını deyib.