Ötən ilin yekunu üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 11,5 mlrd. dollar təşkil edib. Bunun 6,8 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. ONA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2018-ci ildə xidmətlər balansında 2,1 mlrd. dollarlıq kəsir yaransa da, 2017-ci ilə nəzərən 1,6 dəfə azalma qeydə alınıb.
Neft-qaz sektoru üzrə kəsir 1,7 mlrd. dollar olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri idxalın artması ilə əlaqədar olaraq əvvəlki ilə nisbətən 26,5% artaraq 350 mln. dollar təşkil edib. Qarşılıqlı xidmətlər dövriyyəsinin 24%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 2,7 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 45%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın 4 rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,2 mlrd. dollar, qeyrirezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,5 mlrd. dollar təşkil edib.
Ötən il ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 42% artıb. 2018-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ö.i.n. 13,3% azalaraq 4,9 mlrd. dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixrac (2,6 mlrd. dollar) idxalı (2,3 mlrd.dollar) üstələməsi nəticəsində 349,8 mln. dollar həcmində profisit yaranıb. 2018-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 6% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2,3 mlrd. dollar məbləğində olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşüb.
2018-ci ildə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 30% azalaraq 25,1 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 3,8% azalaraq 799.4 mln. dollar olub.