• İQTİSADİYYAT

    11:57 18 aprel 2019

Azərbaycan sektorunda Xəzər dənizinin ən dərin quyusu qazılıb

“Caspian Driling” şirkətinin idarəçiliyi altında olan “Heydər Əliyev” altıncı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.

“Caspian Driling”dən ONA-ya verilən məlumata görə, qazma işləri "Abşeron" (ABD-001 - quyu) yatağında aparılıb.

Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.

SOCAR-ın qiymətləndirmələrinə görə, “Abşeron” yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR