SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.
SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.
Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyu qazılıb, 86 min metrdən artıq qazma işləri görülüb: “İstismar quyuları ilə yanaşı, axtarış quyularının da qazılması aparılır”.