"Qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində çıxarışların kağız formada verilməsinə son qoyulub".
ONA-nın xəbərinə görə, bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev deyib.
O bildirib ki, bundan sonra çıxarışlar yalnız elektron qaydada veriləcək: "Vətəndaş notariusa müraciət edəcək, alqı-satqı əməliyyatı apararaq, onlayn qaydada əmlakın yüklülüyü ilə bağlı məlumat əldə edə biləcək".
Onun sözlərinə görə, artıq qeydiyyat orqanı və Ədliyyə Nazirliyində qarşılıqlı şəkildə onlayn əlaqə tam şəkildə yaradılıb və qısa müddət ərzində istifadəyə veriləcək, yəni 2-3 gün ərzində vətəndaşlara tam şəkildə elektron çıxarışların verilməsi təmin olunacaq: "Elektron çıxarışın bir sıra üstünlükləri var. Belə ki, vaxta qənaət edilir, vətəndaş-məmur ünsiyyəti azalır, çıxarışların saxtalaşdırılması ehtimalı aradan qaldırılır və dublikatın alınmasına son qoyulur".
H.Mustafayev qeyd edib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində aparılan islahatlar nəticəsində qeydiyyat prosesi elektronlaşdırılıb, prosedurlar azaldılıb.
"Elektron çıxarışların verilməsi ilə bağlı vətəndaşlar bir neçə formada məlumatlandırılacaq. Müvafiq məlumatlar həm SMS vasitəsi ilə, həm də vətəndaşların elektron ünvanlarına göndəriləcək", - deyə H. Mustafayev bildirib.