Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 11,4 mlrd. manata bərabər olub.
ONA-nın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, hesabat dövründə ticarət dövriyyəsinin 5 704,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 652,5 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Cari ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9%-i ticarət müəssisələri, 47,9%-i fərdi sahibkarlar tərəfindən, 32,2%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8% artıb, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalarda 3,4% azalıb.
“Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alııb”, - DSK-nın məlumatında qeyd olunub.