Azərbaycanın investisiya mühiti və aqrobiznes rəqabətliyi layihəsinin tərkib hissəsi olan, imzalanması nəzərdə tutulan saziş və memorandumların icrası üzrə tədbirləri 2020-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan Hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq sazişlərin və anlaşma memorandumlarının imzalanma mərasimində çıxış edən Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov bildirib.
Onun sözlərinə görə, bu tədbirlər İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək.
"Biznes mühitinin əlverişliliyini daha da artırılması, xüsusilə, azad rəqabət mexanizmin inkişafı və bu sahədə şəffaflığı yüksəldilməsi üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qaldırılması və daha da genişləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı ilə biznes mühiti və beynəlxalq reytinq və komissiyalar daxilində müvafiq dövlət qurumlarının və IFC-ni təmsil edən xüsusi işçi qrupu yaradılıb. Bu qrup tərəfindən IFC-nin Azərbaycan investisiya mühitinin və aqrobiznes rəqabətli çərçivəsində bu gün imzalanacaq əməkdaşlıq sazişləri və anlaşma memorandumlarının yekun layihəsi hazırlanmış işləri operativ qaydada icra olunaraq və beynəlxalq müqavilələr üzrə Dövlət daxili prosedurlar qısa müddətdə yekunlaşıb", - deyə Y. Eyyubov bildirib.
Qeyd edək ki, bu gün IFC və Azərbaycan hökuməti arasında üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalanacaq. Əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasəti və təşviqi çərçivəsini inkişaf etdirilməyə yardım edəcək.