• İQTİSADİYYAT

    15:08 29 mart 2019

Yaroslavlda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi layihəsinin təqdimatı keçirilib

Rusiyanın Yaroslavl vilayətində “Azərbaycan” Ticarət Evi layihəsi çərçivəsində yerli sahibkarlar üçün Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi layihəsinin regional təqdimatları seriyasından birinci mərasim keçirilib.

ONA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, bu layihə azərbaycanlı ixracatçıların dəstəklənməsi və Rusiya bazarında Azərbaycan məhsullarının təbliği üzrə kompleks sistemin formalaşması konsepsiyasının tərkib hissəsidir.

Bu sistemə Azərbaycanın ixrac, investisiya və turizm potensialı haqqında daimi fəaliyyətdə olan ekspozisiya, Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkət və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi daxil olacaq.

“Azərbaycan nemətləri” mağazaları yerli sahibkarların qüvvəsi ilə açılacaq, “Azərbaycan” Ticarət Evi isə həmin mağazaların geniş çeşidli Azərbaycan məhsulları ilə təmin olunmasına kömək edəcək.

Xatırladaq ki, martın 9-da Ticarət Nümayəndəliyinin dəstəyi ilə Moskvadakı “DEPO” fudmollun ərazisində birinci “Azərbaycan töhfələri” mağazası açılıb. Bu mağazanın piştaxtalarında 15 istehsalçının 200-dən çox adda məhsulları təqdim edilib.

Cari il ərzində Moskva, Sankt-Peterburq, Yekaterinburq, Krasnoyarsk və Yaroslavlda daha bir neçə “Azərbaycan nemətləri” mağazası açılması planlaşdırılır.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR