• İQTİSADİYYAT

    15:14 15 aprel 2019

Yayda Azərbaycanda yeni elektrik stansiyası istifadəyə veriləcək

“Azərenerji” ASC yay aylarında “Şimal-2” elektrik stansiyasını istismara buraxacaq.

ONA-ya ASC-dən verilən xəbərə görə, 400 MVt-lıq “Şimal-2” elektrik stansiyasının tikitisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” elektrik stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır.

Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerjisistem üçün olduqca ciddi nəticədir.

Bundan başqa, ASC “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” elektrik stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb. Belə ki, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electrik”, ABB şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” elektrik stansiyası təkrar işə qoşulub.

Ümumilikdə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” elektrik stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR