“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır. Müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayrılmalıdır”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadə deyib ki, minimum əmək haqqı artırılaraq 180 manat olub: “Minimum əməkhaqqı ilə orta əməkhaqqı arasında nisbət artmalıdır. Şübhəsiz ki, orta əməkhaqqı artmalıdır. Bir sıra sahələrdə əməkhaqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olmalıdır. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik. Ölkə başçısı da bildirib ki, bizim büdcə sosial yönümlüdür. Büdcədə həm də investisiya var. Ümumiyyətlə, belə bölünmə bəlkə də gələcəkdə lazım deyil. Amma bunu deməliyik ki, 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon, həmçinin İrana da kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzunun, təhlükəsizliyinin artması üçün etmişik”.