“Vergilər Nazirliyi və Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarına birgə nəzarət həyata keçirir, bu, müsbət nəticələr verəcək”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadə iqtisadiyyatın inkişafı üçün ölkəyə gətirilən xammala güzəştlər tətbiq edilməsini, gömrükdə riskli halların araşdırılaraq aradan qaldırılmasını təklif etdiklərini söyləyib: “Son dövrlər büdcədə əsaslı xərclər və sosial sahənin büdcədə çəkisi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəzərə çatdırım ki, 2005-ci ildə dövlət büdcəsinin gəlirləri manatla 2 milyard 55 milyon, dollarla 2 milyard 170 min olub. Büdcənin ümumdaxili məhsulda çəkisi ötən müddət ərzində 28 faizə çatıb. Ümumdaxili məhsulda da xərclər 28 faizdən bir qədər çoxdur. 2005-ci ildə əsaslı xərclər 334 milyon dollar, əsaslı xərclərin ümumdaxili məhsulda çəkisi isə 2,5 faiz olub. Sonrakı dövrdə Neft Fondundan transfertlər, alınan kreditlər hesabına əsaslı xərclər artdı, Bakı-Tbilisi-Ceyhan, Bakı Dəniz Limanı kimi böyük layihələr həyata keçirildi. 2005-ci ildə büdcənin 85 faizi sosial xərclərə yönəldilmişdi, vəsaitlər ancaq cari xərclərə çatırdı, əsaslı xərclər üçün vəsait yox idi. Məhz əsaslı xərclər sayəsində Azərbaycan böyük layihələr həyata keçirdi, güclü infrastruktur yaradıldı, ölkə nəqliyyat qovşağına çevrildi, iqtisadiyyatın inkişafı üçün daha münbit zəmin yaradıldı. İndi büdcədə sosial xərclərin çəkisinin 40 faiz olması o demək deyil ki, sosial sahəyə diqqət azalıb. Ötən dövrdə sosial sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Əsaslı xərclərin və sosial sahəyə yönəldilən vəsaitlərin artmasının arxasında düşünülmüş siyasət dayanıb”.