• MƏDƏNİYYƏT

    18:05 7 mart 2019

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Kompleksini ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Quba rayonuna səfər edib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.

Z.Əliyev rayon haqqında qonaqlara məlumat verib. Daha sonra nümayəndə heyətinin üzvləri Qırmızı Qəsəbədə yerləşən sinanoqda olublar, yerli icmanın nümayəndələri ilə görüşüblər.

Qonaqlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer bildirib ki, tolerantlıq sahəsində dünyaya nümunə olacaq ölkələrdən biridir: “Biz bilirik ki, müxtəlif dinin nümayəndələri olmağımıza baxmayaraq, birgəyaşayış nümunəsini qorumalıyıq və Azərbaycan nümunəsi təbliğ olunası bir modeldir. Birgəyaşayış nümunəsi bizi birləşdirməlidir. Bu gün Azərbaycan bütün dünya miqyasında liderliyini qoruyub saxlayır. Azərbaycan bütün etnik və dini azlıqlar arasında dialoq sahəsində hamıdan çox çalışır. Bunu Qubaya mənimlə birgə gələn xristian dostlarım da görüblər və onlar da bildirirlər ki, bu nümunə təbliğ olunmalıdır”.

Vəli Turan

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR