• MƏDƏNİYYƏT

    10:53 22 fevral 2019

“Mirzə Cəlil dühası” mövzusunda dəyirmi masa keçirilib

Cəlil Məmmədquluzadənin yubileyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzində “Mirzə Cəlil dühası” mövzusunda dəyirmi masa keçirilib.

ONA xəbər verir ki, dəyirmi masada universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva-Kəngərli, elmi katib dosent Fatimat Məmmədova, Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsgərova və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən G.Əlieyeva-Kəngərli vurğulayıb ki, görkəmli yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb: “Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalını da məhz Mirzə Cəlil dühasının məhsulu olub”.

G.Əliyeva-Kəngərli onu da nəzərə çatdırıb ki, dahi ədibin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" kimi hekayələri, məşhur "Ölülər" komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur və dramaturqun yaradıcılığında milli şüur problemlərinə geniş yer verilib.

Dosent Fatimat Məmmədova ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyduğunu bildirib.

Dəyirmi masada tələbələr böyük dramaturqun əsərlərini təhlil edərək geniş ədəbi müzakirə aparıblar. Tədbirin sonunda Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsgərova tələbələri böyük dramaturqun həyat və fəaliyyətini əks etdirən “Cəlil Məmmədquluzadə-150” adlı ədəbiyyat sərgisi ilə tanış edib.

Xatıladaq ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyidir. Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə müvafiq Sərəncam imzalayıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR