Ağdamda antik at fiquru tapılıb.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, qədim at heykəli e.ə XII-XI əsirlərə aid Sarıçoban kurqanı yaxınlığında aşkarlanıb.
Həmin ərazidə məskunlaşan Gündüz Paşayev ONA-ya bildirib ki, 1,5 kq çəkisində olan qədim at fiquru su quyusu qazılan zaman torpağın 5-6 metrliyində üzə çıxıb: “Biz burda 1993-cü ildən sonra məskunlaşmışıq. Burda nə vaxt qazıntı işləri aparsaq, dəfələrlə qədim əşyalar və mis pullar tapmışıq”.
Qeyd edək ki, Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır. Hər üç abidə qısa tarixi dövrün - e.ə XIII-X əsrlərin yadigarıdır. Hündürlüyü 5, diametri 45-50 m olan konusvari torpaq kurqan örtüyü altında aşkar edilmiş qəbir kamerası qeyri-adi quruluşu ilə indiyədək məlum olan abidələrdən tamamilə fərqlənir. Dörd cəhətə istiqamətlənmiş, iki kəsişən kameradan ibarət qəbir abidəsi xaç şəklindədir. Bu tip başqa abidənin varlığı hələlik məlum deyil.
Sovetlər dönəmində Sarıçoban kurqanında aparılan arxeoloji qazıntılar zamanı xeyli maddi-mədəniyyət nümunələri aşkar edilib. Burada 100-dən artıq ox ucu, onlarla bəzək nümunələri, xəncər, qılınc, nizə ucu və s. tapılıb. Bunlar yalnız talandan sonra qalan əşyalardır. Odur ki, Sarıçoban abidəsində vaxtilə daha zəngin mədəniyyətin varlığı şübhə doğurmur.