Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.
AMEA-dan APA-ya bildirilib ki, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu deyib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.