Ağdamda uçmaq təhlükəsiylə üzləşən məscidin bərpasına başlanıb.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, bu məscid Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən 1907-cı ildə yaşayış evi kimi tikilib.
Məscidin xarici görüntüsünün dəyişdirilməsi nəzərdə tutulub və hazırda işğal altındakı Ağdam şəhərindəki məscidin layihəsi əsasında tikinti işlərinə başlanıb.
Ağdam rayonunun baş memarı Abduləli Mehdiyev ONA-ya açıqlamasında bildirib ki, binanın özəl bünövrəsi olmadığı üçün tikinti bərpa işləri ilə paralel, binanın dayanaqlılığını artırmaq üçün beton bərkitmə işləri aparılıb. Eyni zamanda qoşa minarənin tikintisinə də başlanıb.
Qeyd edək ki, bir əsrdən çox yaşı olan tikili əvvəlcə yaşayış binası kimi nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-cı illərində tarix-diyarşünaslıq muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.