• MƏDƏNİYYƏT

    15:30 13 may 2019

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

ONA-nın məlumatına görə, konfrans çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan EA-nın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

M.Cəfərovun Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən akademik bildirib ki, alim ölkə və dünya ədəbiyyatı tarixi, nəzəriyyəsi, estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb. Bundan əlavə, alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işləri işıq üzü görüb.

İ.Hacıyev görkəmli akademikin 700-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, dərsliklərin müəllifi olduğunu diqqətə çatdırıb.

Konfransda, həmçinin AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Akademik Məmməd Cəfərin elmi irsində dil məsələləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Azərbaycan elmində Məmməd Cəfər məktəbi”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Cəfər və ədəbi əlaqələr” və filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Məmməd Cəfər yaradıcılığında Hüseyn Cavidin ədəbi irsi” mövzusunda məruzələri dinlənilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR