12-13 aprel tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə “Bir teatr, bir festival” layihəsi çərçivəsində təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib.
ONA xəbər verir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əmrah Dadaşov ifa etdiyi “Neylərəm” qəzəlinə görə 3-cü mükafata layiq görülüb, Mehriban Zalıyeva “Allahu əkbər, ey sənəm” qəzəlinə, Elnarə Nağdəliyeva isə “Hardasan” kompozisiyasına görə ''Təşəkkürnamə'' ilə təltif ediliblər.
Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti və Teatro.az sənət portalının informasiya dəstəyi ilə həyata keçirilən festivalda Bakı Uşaq Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə yanaşı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Respublika İncəsənət Gimnaziyasının təmsilçiləri də Nəsimi poeziyasından nümunələrlə çıxış ediblər.