• MƏDƏNİYYƏT

    10:13 27 fevral 2019

"Aprel yüksəkliyi" sənədli filminin təqdimatı keçirilib

Fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuş "Aprel yüksəkliyi" sənədli filminin təqdimatı keçirilib.

ONA xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov və Sevda Məmmədəliyeva, nazirliyin kollektivi, hərbçilər iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Ayaz Salayev Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərdən olan Xocalı qətliamının iştirakçıları hələ də layiqli cavablarını almayıblar.

Milli Qəhrəman Şükür Həmidov çıxış edərək Xocalı soyqırımı və Qarabağ müharibəsi haqqında danışıb. Həmçinin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri xüsusilə vurğulayıb.

Daha sonra "Aprel yüksəkliyi" sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir.

Film 2016-cı ilin aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən Ş.Həmidovun döyüş yolundan bəhs edir.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR