Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesinə başlanılıb.
Bu barədə APA-ya açıqlamasında abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda abidənin gildən hazırlanma prosesi həyata keçirilir.
Abidənin nə zaman hazır olacağına toxunan heykəltəraş bildirib ki, bununla bağlı yekun tarix demək üçün hələ tezdir: “Çünki bu, yaradıcı bir işdir, amma yəqin ki, yaxın zamanlarda iş yekunlaşar”.
Heykəltəraşın sözlərinə görə, abidə hazır olduqdan sonra ekspert rəyi veriləcək: “Bunun üçün xüsusi ekspert komissiyası var”.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aşıq Ələsgərin heykəlinin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.
Abidənin yerinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təyin edildiyi vurğulanıb.
Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.