• MƏDƏNİYYƏT

    12:50 27 may 2019

Avrasiya materikinin IV "LiFFt" festivallar festivalı Azərbaycanda keçiriləcək

Mayın 27-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının Azərbaycan keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.

ONA-nın məlumatına görə, Festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.

Mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir. Təşkilat komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba, Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur: "Festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir. Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilir".

Qeyd edək ki, 2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin “LiFFt” festivallar festivalının qalibi 27 ölkənin 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.

"LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Al çıxışında Bakıda keçiriləcək tədbirin festivalın tarixində ən parlaq səhifələrdən biri olacağına inamını bildirib: "Mən Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya 4-cü "LiFFt" festivallar festivalının Bakıda keçirilməsini təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “Nəsimi ili” elan etməsi şərəfinə təşkilat komitəsi 4-cü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edib".

Marqarita Al festival çərçivəsində ədəbiyyat forumu, dəyirmi masalar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlərin keçiriləcəyini də bildirib: "Biz Maksim Qorki adına Ədəbiyyat İnstitutu ilə danışıqlar aparmışıq. Onlar artıq razılıq veriliblər. Festivalın seçdiyi 5 tələbə Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almaq şansı əldə edəcək".

Almaniyalı fotoqraf və rəssam Aleksandr Andreyev isə festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib, Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan "Perqamon qurbangahının ikinci həyatı" sərgisindən söz açıb: "Perqamon frizləri 150 il əvvəl alman mühəndisi tərəfindən aşkar edilib. Bu, o qədər böyük tapıntıdır ki, əgər Mikrlancelonun, Da Vinçinin dövründə tapılıb bərpa edilsəydi, incəsənətdə böyük sıçrayış olardı. Mən Marqarita Ala təşəkkürümü bildirirəm. Çünki o, bu abidədə ədəbiyyatla yaxınlıq hiss edərək ədəbiyyat festivalında bu sərginin keçirilməsinə razılıq verib. "Perqamon qurbangahının ikinci həyatı" bundan əvvəl Rusiyada və başqa ölkələrdə nümayiş olunub. Sərginin növbəti dəfə Bakıda təşkil olunmasına çox şadam".

"LiFFt" festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtləri barədə məlumat verib: "Dünyanın ən kütləvi festivalının Bakıda keçirilməsi çox mühüm hadisədir. Festival sentyabr ayının 30-da başlayacaq və oktyabrın 3-nədək davam edəcək. Festivalın seçim turlarına iyun ayının 15-də başlanılacaq və avqustun 15-ə kimi davam edəcək. Festivala indidən çox böyük maraq var, bu günə qədər artıq 2 mindən artıq yazıçı müraciət edəcək. Azərbaycan ev sahibi olduğu üçün festivalda 30 yazıçı ilə təmsil olunacaq".

Varis Yolçuyev Bakı festivalında materikin 52 ölkəsindən 150 yazıçının iştirak edəcəyini nəzərə çatdırıb. O, seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək nüfuzlu dünya yazarlarının adlarını açıqlayıb: "Bunlar dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu, tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, “Dünya poeziyası” almanaxının rəhbəri, Ümumdünya Sülh Mükafatı laureatı Hadaa Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləridir".

Varis Yolçuyev Festivalın “YouTube” kanalında canlı təqdim ediləcəyini də vurğulayıb. O, Festivalın mənəvi dəyərlərin inkişafında böyük rol oynayacağına əmin olduğunu qeyd edib: "Festivalın Bakıda keçirilməsindəki dəstəyə görə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm".

Festivalın Azərbaycan üzrə koordinatoru Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb. Bunlar Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsuddur.

O, festivalın proqramına daxil ediləcək Azərbaycanla bağlı təqdimatlardan, ölkəmizin populyar ədəbi layihələrindən olan "Söz" layihəsindən, eləcə də əcnəbi yazarlar üçün nəzərdə tutulan "Mən Azərbaycanı niyə sevdim" müsabiqəsindən söz açıb.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin ədəbiyyatın təbliği istiqamətindəki layihələrindən danışıb. Həmçinin festival günlərində Bakı Kitab Mərkəzində həyata keçiriləcək layihələr haqqında məlumat verib: "Bakı Kitab Mərkəzində yazıçılarla görüşlər və digər maraqlı layihələr həyata keçiriləcək. Düşünürəm ki, bu önəmli festival təkcə Azərbaycan üçün deyil, bütün dünya ədəbiyyatı üçün böyük hadisədir".

Mətbuat konfransında 4-cü "LiFFt" festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb. Vurğulanıb ki, festivalda materik ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR