“Mədəniyyət adamlarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif etdim ki, Bakıda Cəlil Məmmədquluzadəyə heykəl ucaldılsın”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, heykəlin ucaldılması prosesində Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə yanaşı, AYB və AMEA da yaxından iştirak etməlidirlər.
“Biz çalışmalıyıq ki, Mirzə Cəlilin adına layiq heykəl ucaldılsın. Mən istərdim ki, onun heykəli Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulsun. Onlar sağlıqlarında da bir yerdə idilər, indi də bir yerdə olsunlar. Düşünürəm ki, bu, Mirzə Cəlilin xatirəsinə çox böyük hədiyyə olar”, - deyə Anar vurğulayıb.