• MƏDƏNİYYƏT

    18:13 1 aprel 2019

Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində iştirak edir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

ONA xəbər verir ki, Azərbaycan 55 illik tarixi olan bu sərgiyə ilk dəfə qatılır.

“Şərq-Qərb”, “Qələm”, “Altun Kitab” və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı Azərbaycan stendində 4 gün boyunca Azərbaycan mədəniyyəti, kitab sənəti, xüsusilə Azərbaycan uşaq ədəbiyyatının tanıdılması, nümayişi və kitab təqdimatlarının təşkili, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması nəzərdə tutulur.

Sərgi çərçivəsində milli stenddə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin təqdimatı keçirilir və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevirilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.

Bolonya sərgisinə 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayımçıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılıb, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR