Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edib.
Yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə baş tutub.
Qonaqlar əvvəlcə teatrın foyesində qurulmuş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarixini əks etdirən sərgi ilə tanış olublar. Sonra teatrın bədii rəhbər və direktoru, Xalq artisti Azər Paşa Nemət açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. O, qeyd edib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1919-cu ildə yarandığı gündən bu günə qədər çox böyük və keşməkeşli yol keçib: "Pərakəndə şəkildə çalışan teatr truppaları birləşdirilərək dövlət teatrı yaranıb və ilk olaraq "Azər və Baycan" adlı tamaşa nümayiş olunub. Sonralar Azərbaycan tarixində yaşananlar teatrımızdan da yan keçməyib. 37-cillərdə bizim aktyorların arasında da repressiya edilənlər, sürgünə göndərilənlər olub".
A.P.Nemət teatrda Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov, Əlabbas Qədirov kimi rejissorların çalışdığını bildirib: "1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra teatra çox böyük dəstək olub. O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan sonra səhnə arxasında aktyorlarla görüşər, hamı ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində aktyorlarımız mükafat və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki, bu gün bu yolun davamçısı kimi Cənab prezident İlham Əliyev çıxış edir. O, heç zaman teatra biganə yanaşmayıb. Mən çox sevinirəm ki, 100 illiklə bağlı sərəncamı da məhz prezidentimiz verib. O teatrı unutmur, teatrı yaşadır".
Mədəniyyət naziri Əbülfəs Qarayev isə Azərbaycan teatrının özünün 147 illik tarixi boyu cəmiyyətin mənəviyyat mənbəyi rolu oynadığını söyləyib: "Bu hisslər, bu duyğular dəyişilmədən bu gün də yaşayır. Bu gün biz teatrımızın növbəti yubileyini qeyd edirik. Azərbaycan Demokratik Cümhuriyyətinin dönəmində olduqca vacib tarixi qərarlar verilib. Onlardan biri də ilk dəfə dövlət teatrının yaradılması olub. 24 oktyabr 1919-cu ildən Azərbaycan teatrının yeni tarixi başlayır. Nə gözəldir ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və gələcəyə doğru aparır".
Ə.Qarayev bu gün Zəngilanın işğalından 26 il ötdüyünü vurğulayaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinə daim təcavüz olunub: "Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız geri qayıdacaq və teatrlarımızın öz torpaqlarına dönərək fəaliyyətlərini orada davam etdirəcəkdir".
Nazir ölkə başçısı Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqəti nəticəsində teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb: "Teatrın inkişafı haqqında 2009-2019-cu illər Dövlət proqramı bu il yekunlaşıb. Lakin biz yenidən teatr xadimləri ilə birgə növbəti illərin proqramlarını hazırlayırıq".
O, sonra Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir sıra əməkdaşlarının təltif edilməsi ilə bağlı sərəncamlarını tamaşaçıların diqqətinə çatdırıb.
Yubileydə teatrın tarixinə nəzər salınıb, keçdiyi sənət yolu haqqında video-çarxlar nümayiş olunub, dünya teatr xadimləri və rejissorların – Aleksandrinski Teatrının Bədii rəhbəri Valeri Fokinini, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Moskva Böyük Teatrının solisti Elçin Əzizovun, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodin və başqalarının təbrikləri səsləndirilib.
Mərasimdə eyni zamanda teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.