“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək
  • MƏDƏNİYYƏT

  • 11:30 19 Mart 2019

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

Martın 28-də “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

ONA xəbər verir ki, elmi-praktiki konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Memarlq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək. 

Mart ayında anadan olmasının 120 illiyi tamam olan böyük yazıçı, dramaturq, şair, publisist, rejissor Cəfər Cabbarlının yubileyinə həsr edilən konfransın məqsədi ədibin çoxşaxəli bədii və ictimai fəaliyyətini, həmişəyaşar yaradıcılığını bir daha tədqiqat predmetinə çevirmək, onun milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaqdır. 

Konfransın keçirilməsi eyni zamanda Azərbaycan Prezidentinin 17 dekabr 2018-ci il tarixli "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" sərəncamında qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan addım kimi əhəmiyyətli rol oynayacaq.

Konfransın açılışı martın 28-də saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında olacaq.

OXŞAR XƏBƏRLƏR