Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni korpusunun açılış mərasimi keçiriləcək.
ONA-nın məlumatına görə, eyni zamanda Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcək.
Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür.
Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-Türk, Çin, Rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni zamanda I mərtəbənin dəhliz hissələrində - Fransa-Almaniya qrafika nümunələri, digərində - İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.
Ekspozisiyanın ikinci mərtəbəsi - İtaliya, “İslam incəsənəti”, Alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada eyni zamanda metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq - XX əsrin sonlarına qədərki dövrü əhatə edir.
Xatırladaq ki, 18 dekabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi-9 ünvanında yerləşən korpusunda aparılmış təmir, bərpa və bədii tərtibat işləri və eksponatlarla yaxından tanış olublar.