1-14 may tarixində Azərbaycanda “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaq.
ONA-nın xəbərinə görə, festival Mədəniyyət Nazirliyinin tərəfdaşlığı və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis Azərbaycanda 3-cü “IMAGINE” festivalının açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, bu il festival ilk dəfə Bakıdan əlavə, Gəncə şəhərində də təşkil olunacaq: “Festival günlərində müxtəlif tədbirlər - konsertlər, sərgilər, kino nümayişləri baş tutacaq. Sayca üçüncü “IMAGINE” tolerantlıq və mədəni müxtəliflik festivalının zəngin proqramı sənədli kino ilə yanaşı, musiqi axşamlarını, ustad dərslərini, teatr tamaşalarını, həmçinin dünya şöhrətli rejissor və musiqiçilərlə diskussiyaları əhatə edəcək”.
Mədəniyyət Nazirliyinin sektor müdiri Ramil Abbəkirov Azərbaycan və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb və bildirib ki, mayın ilk günlərində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və bura gələn bir çox qonaqların “IMAGINE” festivalında iştirakı da gözlənilir.
Festivalın tərəfdaşlarından biri olmaqdan qürur duyduqlarını bildirən Birləşmiş Mədəniyyətlər Təşkilatının icraçı direktoru Paola Casagrande çıxışında qeyd edib ki, festivalın 9 xarici qonağı olacaq: “Onlar Gəncədə, Nizami kinoteatrında, “Salaam Cinema”da, Azərbaycan Dillər Universitetində və bir sıra digər yerlərdə tədbirlər keçirəcək. Festivalın ilk günü, mayın 1-də fotoqraf Nikola Landemardın İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində fotosərgisi açılacaq. Onun sərgisi müxtəlifliyə həsr olunub və üç mövzunu əhatə edir: Avropa siyasətçiləri, Fransa teatrında qaçqınların çıxışı və Brüsseldə yerləşən Avropa məhəllələri”.
Festivalın digər qonaqlarından biri də saksofonçu Marselo Monkadadır. O, “İçərişəhər” metro stansiyasında insanların əhatəsində çıxış edəcək. Andalusiyadan olan gitaraçı El Amir, portuqaliyalı qadın müğənni Maqda Mendes, kinorejissor Robert Rombout da festivalın qonaqları sırasındadır. R.Rombout festival çərçivəsində ABŞ şəhərlərindən bəhs edən filmini də nümayiş etdirəcək. Paavo Vesterberq adlı Finlandiyadan olan kinorejissor Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçəcək.