• MƏDƏNİYYƏT

    12:10 6 aprel 2022

Azərbaycanın “Avroviziya” təmsilçisi: “Əksər yarışmalardan qalib ayrılmışam” - MÜSAHİBƏ

Nadir Rüstəmli: “Avroviziya” mənim uşaqlıq arzum olub"

“Avroviziya-2022”nin Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin APA-ya müsahibəsi

“Bu oğlan ulduz olacaq”. Universitet vaxtı Nadir haqqında bu sözü tez-tez deyirdilər. Bu, o vaxt idi ki, onu təkcə müəllimləri və biz universitet yoldaşları tanıyırdıq. Bu gün isə onu az qala bütün Azərbaycan tanıyır. Ümid edək ki, “Avroviziya”dakı çıxışı onu dünyaya tanıdacaq.

– Nadir, 22 yaşda şöhrəti daşımaq çətin deyil?

– Çətin olmur deyə bilmərəm, əlbəttə ki, çətin olur. Düzdür, şöhrəti tam hiss etmirəm, çünki hələ istədiyim səviyyəyə çatmamışam. İnanıram ki, o səviyyəyə də çatacağam. Ümumiyyətlə, düşünürəm ki, şöhrətin gətirdiyi hislərlə bacarmaq çox çətindir, ancaq mən bunun öhdəsindən gəlirəm.

– Müsahibələrinin birində oxuduğun universitetin yaddaşında orda keçirilən müsabiqələrlə yadda qaldığını demisən. Məgər universitet sənə təkcə müsabiqələri qazandırıb?

– Turizm və Menecment Universiteti mənə çox şey qazandırıb; dost, təhsil və sair şeylər. Lakin müsabiqədə universiteti bir sözlə xarakterizə etməli olduğum üçün belə ifadə işlətdim. Həm də universitet illərində qatıldığım tədbirlər, yarışmalar daha çox idi deyə, müsabiqələrlə xarakterizə etmişdim. O illər mənim üçün həm də uğurun başlanğıcı idi.

– İxtisasın biznes idarəçiliyidir. Uşaqlıqdan incəsənətə olan sevgini nəzərə alsaq, sənin təbiətinə bu qədər uzaq bir ixtisası seçməyin sual yaradır.

–Hələ uşaq ikən iki sahəni istəyirdim. Biri biznes, o biri də incəsənət idi. Düzü, əvvəllər Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsəm də, evdəkilər dedilər onsuz da incəsənət sənin qanındadır, nə vaxt istəsən bunu edə bilərsən, bəlkə özünə başqa bir peşə seçəsən. Mən də düşündüm ki, ikinci sevdiyim peşə biznesdirsə, niyə bu sahə üzrə təhsil almayım?

– Səndən öncəki təmsilçilər arasında ingiliscə yaxşı bilənlər az idi. Sən hansı dərəcədə bilirsən?

– Hazırda dil bilgilərimin üzərində işləyirəm, dərs alıram.

– Kitab oxumaqla aran necədir?

– Az hallarda kitab oxuyuram, daha çox film izləməyi sevirəm. Düşünürəm ki, həm kitab oxumaq, həm də film izləmək ikisi də mahiyyət etibarilə dünya görüşünün artmasına xidmət edir. Kitabı oxuyub obrazları beynimdə canlandırmaqdansa, filmlərdə necə canlandırıldığına baxıram (gülür).

“Avroviziya”dakı mahnımıza balaban əlavə eləmişik

– Ən sevdiyin film, aktyor və aktrisa. Hansı adları çəkə bilərsən?

– Əslində, çoxdur (düşünür). Filmlərdən “Pianoçu”, aktyorlardan Leonardo Di Kaprio, aktrisalardan isə Ancelina Colinin adını çəkə bilərəm. Çox düşünmək lazımdır, birinin adını çəkəcəyəm, o biri inciyəcək (gülür).

– Bir dəfə meyxanaçılarımızın birindən hansı yazıçını sevdiyini soruşmuşdular. O da demişdi ki, Homerin adını çəksəm, Şekspir inciyəcək, Şekspiri desəm, Tolstoy. Sənin cavabın da ona oxşadı.

(Gülür). Meyxanaçı demişkən, əslində meyxananı sevirəm. Bəzən özüm də meyxana deyirəm, təbii ki, professional şəkildə yox, sadəcə çalışıram ki, hecalar, qafiyələr düz gəlsin. Nəticə etibarilə meyxana Azərbaycana xas bir şeydir.

– Azərbaycan mədəniyyətinə xas nələrisə “Avroviziya”da nümayiş etdirmək istəyərsənmi?

– İstəyərdim. Bildiyiniz kimi, mahnımıza balaban əlavə etmişik, sırf vokal tərəfdən deyirsinizsə, çıxışı gözləyək…

– “Fade to black”i bir vaxt Avstraliya təmsilçisinin oxuduğu mahnıya oxşadanlar var.

– Oxşarlıq var, buna haqq verirəm, ancaq eynidir deyə bilməzlər, mən bu iddianı eşidən kimi dərhal gedib həmin mahnıya baxdım, gördüm ki, eyni deyil, musiqiçilər bilir, bu iki mahnının not fərqi var. Sadəcə gedişat bir qədər oxşayır. Oxşarlıq var, o da yalnız bir hissəsindədir. “Avroviziya” plagiat məsələsinə çox ciddi yanaşır, belə bir hal olarsa, dərhal mahnı müsabiqədən kənarlaşdırılır.

– Niyə məhz həzin mahnı?

– Düzü, bu sualın konkret cavabı yoxdur. Sadəcə komanda olaraq bu mahnını bəyəndik.

“Səs Azərbaycan”ın qalibi oluram, bir neçə həftə sonra “Avroviziya” təmsilçisi olduğumu öyrənirəm

– Azərbaycanın mahnısı bu il gec təqdim olundu. Bunun nəsə xüsusi səbəbi var idi, yoxsa sadəcə belə alındı?

– Hər il hansısa ölkə tez, hansısa ölkə gec göndərir. Hamı eyni gündə göndərə bilməz axı, ən axıra kimsə qalmalıdır. Qismətdən bu il bu ölkə biz olduq. Düşünürəm ki, bu da gözəl hisdir, insanlar bizim mahnımızı maraqla gözləyirdi. Reaksiya videolarına baxanda bir şey diqqətimi çəkdi. Deməli, heç insanlar mahnını eşitməmiş deyirdilər ki, bilirik, Azərbaycan bu il də gözəl bir mahnı ilə çıxış edəcək, çünki hər il belə edir. Məncə, həqiqətən də çox keyfiyyətli iş oldu.

– Mahnı bir ay tez, bir ay gec gedə bilir. Ancaq demək olar ki, hər il bizim təmsilçilərimiz xarici müəlliflərin mahnılarını oxuyur. Sən bu haqda nə düşünürsən?

– Məncə, bu sualı bizə yox, azərbaycanlı bəstəkarlara vermək lazımdır ki, niyə yazmırsınız? Azərbaycanda kifayət qədər istedadlı və professional bəstəkar var. Əgər uğurlu bir mahnı yazılıb bizə verilərsə, niyə də oxumayaq? Ancaq bizdə elə fikir formalaşıb ki, guya azərbaycanlı bəstəkarların yazdığı mahnılara baxmırıq, halbuki ən birinci elə onların mahnılarına baxılır.

– Digər “Avroviziya” təmsilçiləri ilə münasibətin necədir? Münasibət varsa, onlardan dəstək görürsənmi?

– Elnur Hüseynovla, Çingiz Mustafayevlə əlaqəm var. Samirə Əfəndi ilə bu yaxınlarda görüşmüşük. Hər biri öz fikrini deyib, məsləhətini verib. Ancaq həm məsləhət, həm dəstək Eldardan gəlib. Biz tez-tez telefon vasitəsilə əlaqə saxlayırıq. Eldar məsləhət verir, prosesi başa salır, məni sakitləşdirir.

– Hər hansı bir ifaya həm müsbət, həm mənfi rəylər olur. Mənfi rəylər də kimini az, kimini çox qıcıqlandırır. Sən hansılardansan?

– Səmimi danışsaq, mənfi rəylərdən tez təsirlənənəm. Ümumiyyətlə, uşaqlıqdan belə böyümüşəm ki, həmişə sevilməliyəm. Başqa versiya yoxdur (gülür). Diqqət mərkəzində olmağı, liderliyi sevirəm. Düşünürəm ki, bu, pis xüsusiyyət deyil. Komandam bu barədə mənim yanımda olub, mənə çox kömək edir ki, o rəyləri görməyim. Buna görə komandama minnətdaram. Hazırda çox çətin dövrdən keçirəm. 22 yaşındayam. Birdən-birə belə bir atmosferə düşürəm, “Səs Azərbaycan”ın qalibi oluram, küçədə gedəndə hamı məndən danışır, üstündən bir neçə həftə keçəndən sonra “Avroviziya” təmsilçisi olduğumu öyrənirəm. Bir sözlə, uşaqlıq arzum olan bir şey artıq mənim həyatımdır.

– Rəyləri oxuyursan?

– Rəyləri bacardıqca oxuyuram. Əslində mən insanların fikirlərini bildirməklərinin tərəfdarıyam. Tutaq ki, məndə bir mahnı yaxşı alınmır. Bunu bilə-bilə gedib təkrar oxuyuram. Kimsə deyəndə isə mənim xəbərim olur, bir də bu cür oxumuram. Amma haqsız tənqid adama pis təsir edir.

Nadir istəyir ki, “Avroviziya”da qalib kimi yadda qalsın

– Duet ortağının olmasını istəyərdin?

– Kiminləsə duet oxumaq təklifi gəlsəydi, əlbəttə, qəbul edərdim, etiraz etməzdim. Lakin istəyimə qalanda… “Avroviziya” mənim uşaqlıq arzum olub. Və uşaqlıqdan özümü səhnədə tək təsəvvür etmişəm.

– Yarışmada favoritlərin var?

– İtaliya təmsilçisinin ifasını çox bəyənirəm, Britaniya və Avstraliya təmsilçilərinin də ifasını bəyənirəm.

– Bəs kimləri rəqib görürsən?

– Mən orda bütün iştirakçıları rəqib görürəm. Çünki hazırda ən bəyənmədiyim, səsini ən zəif hesab etdiyim iştirakçı səhnədə möhtəşəm performans göstərə bilər.

– Məğlubiyyətdən qorxmursan?

– Məğlubiyyət deyəndə nəyi nəzərdə tutursan?

– İstədiyin nəticəni əldə etməmək.

– Mən bilmirəm uduzmağı bacarıram, ya yox. Təvazökarlıqdan uzaq olsa da deyim ki, qatıldığım əksər yarışmalardan qalib ayrılmışam deyə bu hiss mənə uzaqdır. Burda da nəticənin necə olmasından asılı olmayaraq, əsas məqsədim əlimdən gələnin ən yaxşısını etməkdir.

– Nadir “Avroviziya” tarixində necə qalmaq istəyir?

– Nadir istəyir ki, qalib kimi yadda qalsın. Ancaq həyatdır, qalib olmaya da bilərəm. Mən istəyirəm nəticənin nə olmasından asılı olmayaraq, çıxışımı xatırlayarkən desinlər ki, Nadir əlindən gələnin ən yaxşısını etdi.

Aytac Sahəd

Foto: Sabir Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR