Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib.
ONA xəbər verir ki, ilk olaraq "Tolerant Azərbaycan gənci" rəsm və heykəltəraşlıq adlı sərgiyə baxış keçirilib.
Tədbiri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açıq elan edib. Qonaqları salamlayan R.Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaranıb: “Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz ulu öndər Heydər Əliyevdir. Onun uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətlərarası dialoqdan, dinlərarası dialoqdan danışmaq mümkün olmazdı. Bu siyasət cənab prezident tərəfindən uğurla davam etdirilir. Buna 5-ci Mədəniyyətlərarası Forumun ölkəmizdə keçirilməsi ilə bir daha şahid olduq”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev deyib ki, bu işlərin ilhamverici, mənəvi, qürurverici, daxili enerji saçan istiqamətini prezidenti İlham Əliyev formalaşdırıb: “Bizə gələn qonaqlar şikayətlənir ki, başqa ölkələrdə öz dini libasları ilə küçəyə çıxmaq olmur. Amma bizdə bunun əksini görürlər. Azərbaycanda Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərəfli və nikbin bir qütbü də var. Azərbaycan bu gün dünyada multikulturalizmin nikbin qütbünü təşkil edir”.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müasir dövrdə Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayır: "Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Bu siyasətin əsasında ölkədəki etnik dini, dil, mədəni müxtəliflərin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya münasibətlərini gücləndirir. Mərkəz multikulturalizmin inkişafında mühüm rol oyanır".
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycanda bir sıra dini mədəniyyət nümunələri qorunub saxlanılır: “Bu Azərbaycan xalqının böyüklüyünü göstərir. Xalqımız həmişə digər dinlərdən bəhrələnib. Əcdadlarımız bu ənənəni qoruyub, biz də bunu qoruyub gələcək nəsillərə ötürməliyik. Biz bunu nəinki ölkədə dünyanın bir sıra ölkələrində təbliğ edirik".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, 5 il ərzində Dövlət Komitəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində o qədər də rəsmi olmayan işgüzar, səmimi, yaradıcı və enerjili bir mühit var. Multikulturalizm Azərbaycan xalqının yüzilliklər ərzində yığdığı böyük sərmayədir. Bu mənəvi sərmayə cəmiyyətin, dövlətinizin milli təhlükəsizliyi baxımından da önəmli faktora çevrilib".
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot, Moldova nümayəndəliyinin rəhbəri Aurella Qriqoriu, Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vayserber çıxış edərək, Azərbaycanda dinlərarası tolerantlıqdan məmnun olduqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.