• MƏDƏNİYYƏT

    23:14 18 noyabr 2019

Bakıda “Özbək Kinosu Həftəsi"nin açılışı olub - FOTO

Noyabrın 18-də Nizami Kino Mərkəzində “Özbək Kinosu Həftəsi"nin açılışı olub.

APA-nın məlumatına görə, açılış mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev, "Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, professor Şuxratullo Rizayev, mədəniyyət və incəsənət xadimləri və başqa qonaqlar iştirak ediblər.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Kino Həftələrinin keçirilməsinin mədəniyyətlərin tanıdılmasında və inkişafında böyük rolu olduğunu bildirib: "Bu baxımdan mədəniyyətin vacib sahəsi olan kino əlaqələrinin də inkişafı vacibdir. Çünki hər iki ölkədə son illərdə kino sahəsində böyük işlər görülür. Azərbaycan Prezidenti Cənab İlham Əliyev kino konsepsiyasının yaradılması ilə bağlı tapşırıqlar verib, bu sahənin inkişafına qayğı ilə yanaşır. Özbəkistan prezidenti Şavkat Mirziyoyev də kino sahəsinin inkişafında böyük işlər görür. Ona görə də düşünürəm ki, belə tədbirlərin keçirilməsi hər iki ölkənin kino sahəsinin inkişafını daha da gücləndirəcək. İnanıram ki, bu əlaqələr bundan sonra da davam edəcək".

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çıxış edərək Kino Həftəsi çərçivəsində özbək kinematoqrafçılarının çəkdiyi 6 bədii, 4 sənədli, 1 cizgi filmi nümayiş olunacaq: "Bu filmlər müxtəlif janrları əhatə etsələr də sevgi, vətənə məhəbbət, patriotizm kimi mövzuları əhatə edir. Belə tədbirlər təkcə film nümayişindən ibarət deyil, həm də mədəniyyətlərin mübadiləsi prosesidir. Hazırda Özbəkistanda böyük dəyişikliklər baş verir. Bu islahatlar kinematoqrafiya sahəsini də əhatə edir. Bunun nəticəsində bizdə il ərzində 80 film istehsal olunur, dövlət dəstəyi ilə 20 bədii, 40 sənədli, 10-a yaxın cizgi filmləri çəkilir. Bizim filmlər ölkə xaricində müxtəlif mükafatlar əldə edirlər. İnanıram ki, Özbək Kino Həftəsi Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin daha da inkişafına kömək edəcək".

Sonra Özbəkistan kino nümayəndələri səhnəyə dəvət olunublar. Bildirilib ki, bu cür tədbirlər iki ölkə arasında çoxəsrlik mədəni əlaqələrin inkişafına böyük təsir göstərəcək.

Daha sonra "İmom Abu İso Muxamməd Termiziy" adlı bədii filmi nümayiş olunub.

Qeyd edək ki, Özbək Kino Həftəsi noyabrın 24-dək davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR