22-27 aprel tarixində Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
ONA-nın məlumatına görə, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, aprelin 27-də Almaniyanın “Münchenklang” orkestri və xoru çıxış edəcəklər. 26 aprel konsertinin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandesdi (cello), 27 aprel festivalın təntənəli bağlanış konsertinin dirijoru Tomas Hefele, solistləri Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) olacaq.
Konsert proqramlarında Cüzeppe Verdi, Kamil Sen-Sans, İqor Stravinski, Qabriel Fore və Frans Şubertin əsərləri səsləndiriləcək.
Saat 19:00-da baş tutacaq konsertlərin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.