Divarlarını ağ-qara, rəngli fotoların, akvarel, yağlı boya ilə çəkilmiş rəsmlərin bəzədiyi, şkaflarına müxtəlif kitabların düzüldüyü, mükafatların, diplomların, suvenirlərin göz oxşadığı işıqlı mənzil. Deyərsən muzeydəsən, istəsən də boş yer tapmaq çətin. 90 illik ömrün xatirələri bəzəyir bu evin divarlarını. Onun üçün hər bir əşya dil açıb danışmağa hazırdı.
Bura sözün hər iki mənasında QOCAMAN BƏSTƏKAR Tofiq Bakıxanovın evidir. Ötən ilin dekabrının əvvəlində vədələşdiyimiz müsahibənin 5 ay sonra nəhayət baş tutacağını güman edirəm: Bir dəfə getdik evdə tapmadıq, növbəti dəfə müsahibə verməyə vaxtının olmadığını dedi, başqa bir səfər (deyəsən telefonda tanımamışdı) ümumiyyətlə danışmaq istəmədiyini bildirdi, sonra da araya koronavirus bəlası girdi. Axır ki, vasitəçi dostların köməyindən sonra Tofiq müəllim daşı ətəyindən tökdü (bu yerdə sarı bir smayl yerinə düşür).
Lakin maestro fotolarının da çəkiləcəyini eşidəndə ev paltarında müsahibə verməyə razılaşmır. Gözləməyi xahiş edib doxsan yaşı ilə heç cür uyuşmayan cəld addımlarla yan otağa keçib hazırlaşmağa başlayır. Budur, beşcə dəqiqə çəkməmiş geyimli-kecimli qarşımızda dayanıb, sinəsində də hərəsi ömrünün bir fərəhli anına şahidlik etmiş orden - medallar. Və müsahibəyə başlaya bilərik.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun APA-ya müsahibəsi
- Tofiq müəllim, koronavirus pandemiyası çoxunun işini yarımçıq qoyub planını pozdu. Pandemiya Sizə necə təsir elədi? Sizin də işləriniz yarımçıq qaldı, yoxsa xüsusi bir təsiri olmadı?
- Bilirsiniz, mən bu yaşa gəlmişəm, belə faciə görməmişəm. Hələ Böyük Vətən müharibəsi vaxtı mənim artıq 10-12 yaşım vardı. O müsibətləri görmüşəm. Alman təyyarələri Bakıya kəşfiyyata gəlirdi. Onlar Bakının səmasında manevr edən kimi qaçıb sığınacaqlara girirdik. Keçmiş Lenin Muzeyini bunker eləmişdilər, camaat orda gizlənirdi. O günləri də görmüşük. Hətta bir dəfə Novruz bayramı günü alman təyyarələri Bakının üstündə uçmağa başladı, qaçıb gizləndik. Bizimkilər iki, ya üç alman təyyarəsini vurmuşdular, biri gəlib Montinə düşmüşdü. Yəni ağır günlərin şahidi olmuşam, amma belə şey görməmişəm. Mən bu pandemiyanı böyük faciə adlandırardım. Tək Azərbaycanda deyil, bütün dünyada bu faciə baş verir. Buna baxmayaraq, biz yaradıcı adamların əlindən qələm heç vaxt düşmür.
- Bu il həm də 90 illiyinizdir? Yubileyə hazırlaşırsınız?
- Dekabrın birindən başlayaraq on gün festival keçiriləcək. Yəqin o vaxtacan pandemiya bitər. Artıq festivalın proqramını da bölüşdürmüşəm, hansı janrlarda əsərlərin səsləndiriləcəyini müəyyənləşdirmişəm.
- Baletləriniz də qoyulacaq?
- Bəli, qoyulacaq. 2019-cu ildə Opera və Balet Teatrında “Xəzər balladası” tamaşasının 50 illiyi keçirildi. Çünki o tamaşa 50 il qabaq bütün Fransanın şəhərlərini gəzmişdi. “Xəzər balladası”nın təkcə Fransada 30 tamaşası göstərildi, Avropanın digər şəhərləri də gəzdi. Qastroldan qayıdandan sonra keçmiş SSRİ-nin neçə-neçə şəhərində - Kiyevdə, Leninqradda tamaşaya qoyuldu. Demək istəyirəm ki, bu tamaşa mənə böyük uğur gətirdi. Xarici mətbuatda onun haqqında yazdılar ki, dünyada neftə həsr olunmuş yeganə baletdir.
- Axırıncı dəfə 90-cı ildə “Xeyr və Şər” baletini yazmısınız. Nə əcəb ondan sonralar balet janrına müraciət etməmisiniz?
- Bəs edər. Çox yazmaq da lazım deyil. Mən operadan başqa bütün janrlarda əsərlər yazmışam.
- “Xəzər balladası” baletiniz Fransanı lərzəyə gətirdi, məlumdur. Qayıdandan sonra Bakıda münasibət necə oldu, layiqli dəyərinizi aldınızmı?
- Mən açıq deyirəm, əgər bizimkilərin ümidinə qalmış olsaydı, heç adımızı çəkməzdilər. Qara Qarayev mənim müəllimim olub, o da bizimlə Fransaya getmişdi. Gələndən sonra münasibət yaxşı olmadı.
- Niyə?
- Bizim korifey bəstəkarlarımızın arasında həmişə intriqa, ayrı-seçkilik olub.
- Kimləri nəzərdə tutursunuz?
- Artıq dünyalarını dəyişiblər deyə, ad çəkmək istəmirəm. Onların arasında eləsi var idi ki, mənim əsərimə dirijorluq etmək istəyirdi, lakin icazə vermədilər, dedilər yalnız tamaşanı səhnələşdirən teatrın əməkdaşı dirijorluq edə bilər.
- Böyük dirijorlarımızdan idi?
- Bəli. O adama icazə vermədilər. Burda çaxnaşma oldu. Bir qrup bəstəkar yığışıb o dövrdə Mərkəzi Komitədə katib olan Cəfər Cəfərova şikayət elədi. Baxmayaraq ki, Cəfər Cəfərov mənim müəllimim Qara Qarayevlə neçə il dostluq eləmişdi.
- Nəticədə də Qara Qarayevin tələbəsi olaraq zərbə Sizə dəydi, mükafat verilmədi.
- Heç nə verilmədi, inandırım sizi, tamaşanın rəssamından tutmuş, işıqçısına qədər otuz adama mükafat verdilər, bircə bəstəkarına mükafat vermədilər. Qarayevin onlarla münasibəti çox pis idi deyə, mən başa düşdüm ki, ağız açmaq istəmir.
- Xalq artisti adını da gec, 1990-cı ildə almısınız...
- Birincisi, fəxri adların verilməsi münasibətdən asılıdır. Mən heç kəslə münasibət qurmağa çalışmırdım, mənimki yazmaq idi. Dünyada elə bəstəkar tapılmaz ki, simfonik orkestr üçün 26 konsert yazsın. Ona görə də mənim paxıllığımı çəkənlər həmişə çox olub. Bir dənə xoşbəxtliyim o idi ki, heç nəyə fikir verməyib yazırdım. O vaxt mənə “Komsomol mükafatı laureatı” adı verilməsi üçün dörd böyük idarədən təqdimat verilmişdi. Lakin Emin Sabitoğlunun atası Sabit Rəhman Cəfər Cəfərovla bərk dost idi, gündə bulvara çıxıb gəzirdilər. Ona görə də Emin Sabitoğlunun “Çay” mahnısına mükafat verdilər, hansı ki, indi hər kəsin yadından çıxıb, mənim “Xəzər balladası” baletimə vermədilər. Bununla belə yenə də ruhdan düşmədim.
- Ataya qalsa, Əhməd Bakıxanov kimi ata Sizdə, nəslə qalsa Abbasqulu Ağa Bakıxanovun nəticəsisiniz. O zaman bu biganəliyin səbəbi nədir?
- Atama qarşı da çox biganəlik olub. Mən həmişə musiqi ilə yaşamışam. Mən Üzeyir Hacıbəyovun 60 illiyində onun qarşısında əsərini çalmışam. (Divardan asılmış tablonu göstərir).
- Üzeyir bəylə qonşu da olmusunuz. Yəqin onu daha yaxından tanıyardınız.
- Üzeyir bəylə 41-ci ilə kimi qonşu olmuşuq, sonra köçdü. Çox təvazökar adam idi. Onun tələbələrə qarşı atalıq qayğısı əvəzedilməz idi. Tələbə dərsə gəlirdi, görürdü tələbənin rəngi sap-sarıdır, bilirdi ki, acdır, zəngi basıb birinci müavini Ramazan Xəlilovu çağırırdı, deyirdi, apar tələbəni aşağıda bufetdə yedizdir, sonra gətir.
- Zarafatcıl, yoxsa ciddi adam idi?
- Ağır adam idi. Zarafat edərdi, amma özü gülməzdi. Müharibə vaxtıydı, ağır günlər idi. Tələbələr gəlirdilər, birinin ayaqqabısı yırtıq olurdu, o birinin paltosu, qalın paltarı olmurdu. O dəqiqə Ticarət naziri, Məşədi Əzizbəyovun oğlu Əzizağa Əzizbəyova zəng vurub ayaqqabı, palto, kostyum istəyirdi. Bunlar hamısı gözümün qabağında baş verib. Ondan başqa atamla əmim 37-də tutulanda da anam Üzeyir bəygilə gedib dərdini demişdi. O da Mircəfər Bağırovdan xahiş etmişdi, atamla əmimi buraxmışdılar.
- Siz Bağırovu da görmüsünüz.
- Onun oğlu Cahangirlə bir yerdə oxumuşuq. Hətta Fikrət Əmirovun bir əsərini Cahangirlə ifa etməli idik. Buna görə də məşq üçün iki dəfə Bağırovun Filarmoniyanın qarşısında yerləşən evində getmişəm, özünü görmüşəm. Sadə adam idi. Stolun üstündə də Abbasqulu Ağa Bakıxanovun “Nəsihətnamə”sini qoyurdu. Övladlarına deyirdi ki, bu kitabı oxuyun. Ordan çox şeyi öyrənərsiniz.
- Bağırovun evinə gedəndə qorxu, vahimə Sizi bürüyərdi.
- Yox, qətiyyən. Niyə qorxmalıyam? Bağırov atamı da tarzən kimi yaxşı tanıyırdı, toylarda çox qulaq asıbmış atama. Üzeyir bəy o vaxt Bağırova atamla əmimin buraxılması barədə xahiş edəndə deyibmiş ki, hansı Əhmədxan, solaxay Əhmədxan? Və buraxdırmışdı.
- Bağırovun məhkəmə prosesini izləmişdiniz?
- Məhkəməsi Dzerjinski adına Mədəniyyət Evində aparılırdı, amma mən getmirdim. Yadımdadır, Mircəfər Bağırov incəsənət adamlarını Filarmoniyanın yay teatrına yığmışdı. Hamını tənqid elədi. Biz də tələbə idik, iştirak edirdik. Səid Rüstəmovu çağırıb dedi, Səid, “Kubanski kazaki” adlı film var, baxmısan? Orda bir mahnı var, “Kakim bıl tı, takim ostalos” o mahnı sənə aiddir. Get, savadını artır. Baxmayaraq ki, Qara Qarayevin cavan vaxtları idi, amma Üzeyir Hacıbəyovdan sonra rektor olmuşdu. Axırıncı cərgədə əyləşmişdi, ona söz verildi, o gələnəcən beş dəqiqə keçdi. Mircəfər Bağırov da dedi ki, görünür sən işə də belə gəlirsən? Sonra da Opera Teatrının müdiri Hidayətzadənin çıxışına qulaq asıb dedi ki, avazın yaxşıdır, oxuduğun Quran olsa. Camaat da əl çaldı. Yəni hamını tənqid edirdi.
- Bağırov həbs ediləndə camaat sevinirdi?
- Sevinənlər də oldu, sevinməyənlər də. Beş barmağın beşi də bir ola bilməz. Bir də ki, mənim aləmimdə Mircəfər Bağırovun vaxtında insanlar məsuliyyət daşıyırdılar.
- Sizin üçün Bağırov kimdir?
- Mənim üçün Bağırov böyük şəxsiyyətdir. Həmişə xalqın xeyrinə çalışırdı. Bağırov burda Mərkəzi Komitənin katibi, Stalin orda, yanında da Beriya. Onların əmrini yerinə yetirməsə, dağ çəkərdilər ona.
- Amma 37-də Mikayıl Müşfiqin, Əhməd Cavadın güllələnməsi, Hüseyn Cavidin sürgün edilməsi, neçə-neçə alim-ziyalıların repressiya olunması da onun adı ilə bağlıdır.
- Müşfiqi neyçün güllələtdi? Onun yazdığı şeirlərdə türk sözləri çoxdu. O vaxtı da ən birinci düşmənimiz türklər və iranlılar idi.
- Müşfiq güllələnəndə sizin 7-8 yaşınız vardı, yadınıza gəlir? Baş verənlər, o dəhşətlər barədə eşitmişdiniz?
- Əlbəttə eşitmişdim. Bütün camaat qorxu içində idi. Üzeyir bəy özü qorxu içində idi ki, birdən tutarlar. Əgər Moskvada Azərbaycan ongünlüyü keçirilməsəydi, Üzeyir bəyi də tutacaqdılar.
- Eşitdiyimə görə, 37-də bir sıra bəstəkarlar Üzeyir bəyin əleyhinə donos yazıbmışlar.
- Elə şey olmayıb.
- Bayaq özünüz də dediniz, Sizin atanızı da tutmuşdular.
- Elədir. O vaxt zadəgan nəslinə qarşı münasibət çox pis idi. Bakıxanov familiyası adamları çox qıcıqlandırırdı. Atamla əmim tutulanda anam məni Mir Mövsüm Ağanın İçərişəhərdəki evinə apardı. Ona nəzir verdim, o da əvəzində bir parça çörək uzatdı. O vaxt belə adət vardı. Nəzirimiz qəbul olundu, atamı buraxdılar. Mir Mövsüm Ağanın sidqi çox güclü idi. Müslüm Maqomayev atamla çox yaxın idi, özü də muğamı çox sevirdi. 29-cu ildə Azərbaycan Radiokomitəsinin musiqi şöbəsinin müdiri işlədiyi vaxt atamı çağırıb ansambl yaratmağı təklif edir. Atam da yaxşı ifaçıları toplayıb ilk ansamblı yaradır. Bu ansambl 38-ci ildə atam tutulana qədər fəaliyyət göstərdi, bir də 41-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə bərpa olundu. İlk Azərbaycan xalq çalğı alətlərinin ansamblının yaradıcısı Əhməd Bakıxanov oldu.
- Ona görə də ölümündən bir il sonra ansambla onun adı verildi.
- Yox, elə ölüm günü verildi. Qəzetdə də xalq artisti adı alması ilə bağlı əmr getdi, səhəri də nekroloqu çıxdı.
- Xalq artisti adını da ölüm gün almışdı?
- Yox, ölümündən üç ay qabaq almışdı. Sadəcə, o vaxt bir Azad Şərifov vardı. Musiqi məktəbində mənimlə zərb alətləri bölməsində oxumuşdu, sonra komsomol yoluyla gedib Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri oldu. Düz üç ay əmri saxlayıb qəzetə vermədi. Bunu deməkdə məqsədim odur ki, vaxtında atam da bu familiyaya görə əziyyət çəkmişdi. O vaxt kimin qazalağı vardı, qolçomaq deyirdilər. Bizdə Allaha şükür heç nə yox idi (gülür), hər şey əlimizdən alınmışdı. Bir dənə babamın Zirədə bağı vardı, onu da “detdoma”a verdilər. Onunla da məsələ qurtardı. Sonralar atam gəlib öz pulu ilə şəhərdə ev aldı. Ziyalılar bizim evdə tez-tez yığışardılar, gizlin-gizlin danışardılar. Deyərdilər ki, Müşfiqi tutdular, Əhməd Cavadı apardılar, Hüseyn Cavid getdi. Hüseyn Cavidi mən görmüşəm. Xalam Hüseyn Cavidin ev muzeyinin yerləşdiyi həyətdə olurdu. Ailəvi dost idilər. Həftədə iki dəfə xalam bizi qonaq çağırırdı. Hərdən onlarda yığışırdıq, hərdən də Hüseyn Cavidgildə. Cavidin oğlu Ərtoğrul pianoda çalırdı. Mən onun haqqında kitab yazdım (kitabı göstərir). Kitabda Ərtoğrulla bağlı xatirələrim var. O da Üzeyir bəyin tələbəsi idi, konservatoriyaya gəlirdi, görüşürdük. Ərtoğrul çox gözəl oğlan idi, heyf ondan. Yaşasaydı, bizim korifey bəstəkarla bir səviyyədə olacaqdı. Əfsus ki, cavan öldü. Üzeyir bəy onların ailəsinə çox dayaq oldu, Ərtoğrulu, bacısı Turanı işə düzəltdi. Onlara heç yerdə iş vermirdilər. Mən bunların hamısını canlı görmüşəm.
- Siz Üzeyir Hacıbəyovdan üzü bu yana demək olar Azərbaycan musiqisinin bütün tanınmış nümayəndələrini görmüsünüz, onlarla əməkdaşlıq etmisiniz.
- Bura gəl.
Divar boyu uzanan rəfə yaxınlaşırıq, gözlərdən birinin qapısını açır.
- O qara albomu götür.
Götürürəm.
- Aç.
Açıram.
- Burda bütün bəstəkarlarla şəklim var.
Mən albomu vərəqləyirəm, Tofiq müəllimsə bir-bir fotodakılarla tanış edir. Ağ-qara, rəngi solmuş şəkillərdir, çoxu bəlkə altmış, bəlkə yetmiş il qabaq çəkilib.
- Bu Tofiq Quliyevdir, bu “Ayrılıq” mahnısını yazan Əli Səlimidir. Atamın tələbəsi olub, tar çalıb. Sonra Stalinin göstərişi ilə İran pasportu olanların hamısını göndərdilər, o da getdi. Bu Karl Orfdur.
- Alman bəstəkar?
- Bəli. Almaniyada evində görüşmüşdük. Bu, Emin Sabitoğludur. Bu da Polad Bülbüloğlu, Aqşin Əlizadə, mən, Qara Qarayev. Polada görə adam danışa bilmirdi, amma o vaxt sui-istifadə edib atasının adını musiqi məktəbinə verdirdi, halbuki atasının ora dəxli yoxdur. O məktəbi Azərbaycanın ilk qadın pianoçusu Kövkəb xanım Səfərəliyeva yaradıb. Bülbülün adını gərək Opera və Balet Teatrına verərdilər, çünki orda oxuyurdu. Bu da Vaqif Mustafazadədir.
- Siz onunla da çalışmısınız, düzdür?
- Bir yerdə neçə-neçə caz ifası hazırlamışdıq. O vaxt mən Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyirdim, eyni zamanda şöbə müdiri idim. Müdir mənə tapşırmışdı ki, yeni il münasibəti ilə bayram konsert təşkil edim. Onda mən cazla məşğul idim. Vaqifgili yığıb onların caz konsertini təşkil elədim. Heyf, cavan getdi.
Evi başdan-başa bürümüş, hərəsi bəstəkarın ömrünün işıqlı çağlarının bir səhifəsini əks etdirən fotoların, rəsmlərin içindən bir qadın portretini göstərirəm.
- O kimdir?
- Yoldaşımdır, rəhmətlik.
- Qızınız da rəhmətə gedib.
- Hə, qızım ərəbşünas olub. Aida İmanquliyeva onun rəhbəri olmuşdu. Qızım ərəb dilini özü-özünə öyrənmişdi, ana dili kimi bilirdi. Onun kitabı var.
Yenə rəfə yaxınlaşıb kitabların arasında axtarış edir, nəhayət, bənövşəyi üzlü bir kitabı götürür.
- Bunun birini sənə də verərəm. Oxuyarsan. Qızım haqqındadı.
- Nə vaxt rəhmətə gedib?
- 95-ci ildə. İki övladı qalıb, İsveçdə yaşayırlar.
- Yanlarına gedib gəlirsiniz?
- Hər il gedirəm.
- Övladlarınızdan Sizin, atanızın yolunuzu davam etdirən var?
- Yox, baxmayaraq ki, ikisi də musiqi məktəbini qurtarmışdı, ayrı sahəni seçdilər.
- Müasir Azərbaycan bəstəkarlığını necə qiymətləndirirsiniz? İnkişaf, yoxsa tənəzzül mərhələsini yaşayır?
- Bilirsiniz, dövrdən çox şey asılıdır. Azərbaycan musiqisinin ən parlaq dövrü 60-cı illər olub: Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov - saymaqla qurtarmaq olmaz. Hamısı böyük bəstəkarlar idi. İttifaq ölkələri arasında musiqi sahəsində birinci yerdə Rusiya idisə, ikinci yerdə Azərbaycan idi. Açığını deyim ki, nə qədər bizim Moskva ilə əlaqələrimiz güclü idi, musiqimiz də güclü inkişaf edirdi. Çünki bizim bəstəkarların çoxu Moskvada püxtələşib. Sovet dövründə gənclər üçün şərait yaradılmışdı, yaradıcılıq evləri vardı. Böyük bəstəkarlar bizimkilərə dərs deyirdilər, bəstəkarlarımızı beynəlxalq festivallara dəvət edirdilər. Mən özüm o dövrdə haralara getməmişdim - İngiltərə, Fransa, Almaniya, Avstriya, daha hansı ölkələr. Amma indi mən deyəndə ki, bir avtobus təşkil edin, gedim Mərdəkana, Sergey Yeseninin xatirə evində onun haqqında yazdığım “Şərq poeması” baletini çap etdirmişəm, orda təqdim edim, deyirlər bizdə maşın yoxdu. Musiqi Fondu vardı, bağlandı. Bilirsiniz, şairlərin işi yaxşıdır, makinada yazdı, onunla da işi bitdi. Biz bəstəkarlar isə bir dənə notu köçürmək üçün kağızın bir səhifəsinə 3 manat veririk. Əsər də olur 400 səhifə. Hansı pulla bunu edək?
- Təqsir kimdədi?
- Mən Bəstəkarlar İttifaqını günahlandırmıram. Gərək onlara da dotasiya versinlər, məsələn fond olsun, bəstəkar yazıb, bunu konsertdə çalsınlar, operaya qoysunlar, eləmirlər. Professor 400 manat maaş alır. Başa düşürsüz məni? Çətinlik var. Dövlət başçımız bu sahədə böyük işlər görür. Çox sağ olsun ki, bizə prezident təqaüdü verilir. Biz ömür boyu minnətdarıq. İnanın ki, o olmasaydı, çoxları tələf olmuşdu.
- Tək yaşayırsınız?
- Bəli, tək yaşayıram. Oğlum da üzbəüzdə olur. Heydər Əliyev mənə dörd otaqlı ev vermişdi, oğlum Moskvadan gələndən sonra o evi oğluma verib buranı aldım. Mən şükür edən adamam. Dövlət başçımızın qarşısında baş əyirəm ki, bizə bu şəraiti yaradıb.
- Ötən günləri tez-tez xatırlayırsınız?
- Hər şey kinolent kimi gözümün qabağından keçir. Hamını xatırlayıram. Gecə olur, elə bilirəm kinoya baxıram. Hamısı gözümün qabağına gəlir. Özü də yuxu çox görürəm.
- Kimləri görürsünüz yuxuda?
- Hamını görürəm. Atamın dostlarından Hacıağa Abbasovu görürəm. Azərbaycanın birinci xalq artisti olub. Onu da 37-də tutdular, sonra bəraət aldı. Hamısını görmüşəm. Yaxşı söhbətlərə qulaq asmışam. Onlar mənim üçün yadigardı. Yenə yuxuda o söhbətləri görürəm. Mənim ətrafımda olanların, vaxtı ilə bizimlə oxuyanların heç biri qalmayıb - Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Nəriman Məmmədov, Oqtay Zülfiqarov - hamısı ölüb.
- Daha çox hansı illər üçün darıxırsınız?
- Mən daha çox keçmişi yad edirəm.
- Hansı illəri?
- Elə qırxıncı illərdən qabaqkı dövrü. O adamlar ki, bizə gəlib-gedirdilər.
- Qorxulu dövr idi axı, 37-nin dəhşəti vardı...
- Hər halda yadımdadı. Uşaqlığımın keçdiyi illər idi, necə unudum! Bizə çox adam gəlib-gedirdi. Heyf onlardan. Televizorda kiminsə haqqında danışılanda o saat həmin adam barədə xatirələr kinolent kim yadıma düşür.
- Tofiq müəllim, arzunuz nədir?
- Vallah, Allah mənə bu qədər ömür verib. Səbirsizliklə gözləyirəm ki, 90 illiyimi də keçirim. Ondan sonra Allah özü bilsin. Ancaq onunla yaşayıram.
- Allahdan möhlət istəyirsiniz.
- Bəli. Bircə doxsan illiyimi keçirim sonra Allah özü bilər.
- İnşallah, yüz illiyinizi qeyd edərsiniz.
- Yüz illikdən danışmıram, mənə nağd olsun, soğan olsun (gülür). Doxsanı versə, elə bilərəm dünya mənimdir. Çünki yubiley mənim üçün hesabat vermək deməkdir. Özü də təkcə Bakıda yox, Bakının Əmircan kəndində, Suraxanıda, Qubada, Naxçıvanda silsilə tədbirlər olacaq. Yəni mənim arzum budur ki, Allah ömür versin bunları keçirim.
- Heç ürəyinizdə qalan, ürəyinizi dilləndirən, yazmaq istədiyiniz əsər varmı?
- O qədər əsər yazmışam, daha nəsə yazmağa ehtiyac yoxdur. 120-dən artıq mahnım var, bir mahnımı 15 adam oxuyub. “Sevməyən qoy, sevməsin”i Zeynəb Xanlarova oxudu, Flora Kərimova oxudu, İlhamə Quliyeva oxudu, Elmira Rəhimova oxudu, hələ o vaxtdan danışıram, indiyənəcən də oxunur. “Səbr elə”, “Sevən könül”, “Gözəlliklər məskəni”, “Yaylaqlarım” mahnıları və neçə-neçə başqa mahnılarım 50-60 ildir yaşayır, bu mənim üçün böyük xoşbəxtlikdir. Yəni daha mənim nəsə yazmağıma ehtiyac yoxdur. Amma tədqiqatım güclü aparılmalıdır, düzdür, mənim haqqımda əsasən Zemfira Qafarova da, başqaları da yazıb. Amma yenə də yaradıcılığım tam araşdırılmayıb. Təəssüf ki, indi o cür musiqişünaslar da yoxdur. Heyf.
***
Söhbətimiz yekunlaşsa da, Tofiq müəllim buraxmır, bir qədər də gözləməyimizi istəyir və yenə nəsə axtarmağa gedir. Televizora yaxınlaşanda isə axtardığının disk olduğunu görürəm. Diski taxır, televizor ağarır və budur bəstəkar Tofiq Quliyev müsahibimdən danışır. Öyrənirəm ki, otuz il qabağın çəkilişidir, sonra Arif Məlikov çıxış edir, o da müsahibimin yaradıcılığından bəhs edir. Daha sonra Heydər Əliyevin ona “Şöhrət” ordeni verdiyi səhnə, özünün reqlamenti keçən çıxışı.
Tofiq Bakıxanov haqqında tanınmış şəxsiyyətlərin fikirlərindən, həyatının önəmli fraqmentlərindən ibarət film... Mənim diqqətim televizordaykən bir də görürəm Tofiq müəllim bayaqkı qıvraq yerişi ilə ikimizə də çay gətirdi, özü də keçib kresloda əyləşdi. Açığı, mənə televizorda göstərilən Tofiq Bakıxanovdan çox yanımda əyləşən Tofiq Bakıxanov daha cəlbedicidir. Onunsa bəlkə yüz dəfə gördüyü kadrlardı, amma yenə də ilk baxışdakı heyrətlə gözlərini televizora zilləyib. Başa düşürəm, 90 elə yaşdır ki, o yaşda adam üçün ölülər dirilərdən, keçmiş indidən, xatirələr arzulardan qat-qat maraqlı olur. Bir anlıq heykəl kimi donub qalır, üzündə uşaq təbəssümü. Kadr yenə dəyişir. Gülümsəyir. Baxıram... Görəsən, xəyal onu qanadlarına alıb hara aparır, ömrünün hansı ilinə?
Elə bu an Vaqif Mustafazadənin barmaqlarından süzülən Tofiq Bakıxanov nəğməsi bahar yağışı tək otağa damcılayır...
Foto – Nicat Əlili © APA GROUP