• MƏDƏNİYYƏT

    18:11 18 aprel 2019

Bəstəkarlar İttifaqında Nəsimiyə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçirilib.

ONA xəbər verir ki, konfrans işinə əməkdar artist Gülüstan Əliyevanın Naibə Şahməmmədovanın royalda müşayiəti ilə “Nəsimi” filmindən elə şairin sözlərinə Tofiq Quliyevin bəstələdiyi mahnı və həmçinin Emin Sabitoğlunun Nəsiminin “Eylədi” rədifli qəzəlinə bəstələdiyi romansın ifası ilə başlayınb.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə iki gün davam edəcək konfrans barədə məlumat verib. O bildirib ki, Prezidentin 2019-cu ili "Nəsimi ili" elan etməsi çox böyük mədəniyyət hadisəsidir: “Bu, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bəstəkarlarımıza, musiqimizə və şeiriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq irsini yeni kəşf etmirik. Böyük şəxsiyyət, şair, mütəfəkkir, filosof, hürufizm və sufizm təriqətinin ən görkəmli siması olan Nəsiminin şeirləri və onun ideyaları məni və Azərbaycan bəstəkarlarını həmişə özünə cəlb edib”.

Daha sonra tanınmış musiqişünasların Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı məruzələri dinlənilib. Sənətşünaslıq doktoru Cəmilə Həsənova “Azərbaycan musiqisində Nəsimi mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayeva “Tofiq Quliyevin “Nəsimi” kinofilminin musiqisi haqqında, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva isə “Nəsimi və Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri” mövzusunda məruzələrlə çıxış ediblər.

Katib Aliyə Məmmədova isə məruzəsində Bəstəkarlar İttifaqının Nəsimiyə həsr olunmuş layihəsi barədə danışıb: “Nəsimi yaradıcılığına maraq yaratmaq üçün gənc bəstəkarların toplantısı keçirilib. Məqsəd yeni nəslin Nəsimi yaradıcılığına, onun irsinə maraq oyatmaqdır”. A.Məmmədova bu il Nəsimiyə həsr olunmuş konsertlərin keçirməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR