Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində Amerika şairi, yazıçı və ədəbiyyatşünası Aleksandr Səlimovla görüş keçiriləcək.
ONA-nın məlumatına görə, görüş Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi tərəfindən təşkil edilib. Görüşdə Səlimovun ilk dəfə Azərbaycan dilində şeirləri səsləndiriləcək.
Aleksandr Səlimov 1963-cü ildə anadan olub. 1986-cı ildə Dağıstan Universitetini bitirib. 1990-cı ildə ABŞ-ın Delaver Universitetində magistratura təhsili, daha sonra Pensilvaniya Universitetində aspirantura təhsili alıb. 1996-cı ildə ispan dili və ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Hazırda Delaver Universitetində “İspan və Latın Amerikası ölkələri ədəbiyyatları”ndan dərs deyir.
Amerika Pen təşkilatı, Amerika Şairlər Akademiyası, Boliviya Yazıçıları və Sənətkarları İttifaqının üzvüdür. UNESCO-nun Fəxri Mədəniyyət Səfiridir.
Səlimov eləcə də Delaver Demokratlar Partiyası Koordinasiya Komtəsinin üzvü, Nyu-Kastl qrafığından deputatlığa namizəddir.
“Özgə bədənlərə pəncərə”, “Post Factum”, “Çağırış və başqa şeirlər” kitablarının müəllifidir. “Çağırış və başqa şeirlər” kitabında Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də yer alıb.
“Çağırış və başqa şeirlər”ə görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq görülüb. Şeir və məqalələri İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc edilib.