• MƏDƏNİYYƏT

    19:10 11 mart 2019

“Bir, iki – bizimki!” tamaşası festivalın qalibi olub

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub.

ONA xəbər verir ki, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemətdir. Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Mükafatlandırma mərasimində tamaşada iştirak edən aktyorlar səhnəyə dəvət olunub, onlara xalq artistləri Hacı İsmayılov və Ramiz Fətəliyev tərəfindən xüsusi diplom və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR