• MƏDƏNİYYƏT

    18:45 18 aprel 2019

“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirilib

Aprelin 18-də M.F.Axundzadə adına Milli Kitabxanada şəhid İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən “Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirilib.

ONA xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi və “Bakı xəbər” qəzetinin birgə layihəsi əsasında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən nəşr olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış sözündə bildirib ki, yeni nəşr xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat yoluna işıq tutur: “Kitab torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik tərbiyəsinin təbliğində böyük əhəmiyyət daşıyır”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib: “Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası Azərbaycan uğrunda həlak olan insanların xatirəsini əbədiləşdirmək üçün çoxsaylı kitablar ərsəyə gətirib. Bu silsilədən indiyə kimi 17 kitab nəşr olunub. Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə işıq üzü görən kitab “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən ikinci nəşrdir”.

O, qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası hazırladığı nəşrlərdə Qarabağ döyüşlərində həlak olan insanlarla yanaşı, II Dünya müharibəsi, Əfqanıstan müharibəsi və 20 Yanvar faciəsi zamanı şəhid olan vətən övladlarının taleyinə güzgü tutur.

Təqdimatda çıxış edən tarix elmləri doktoru Solmaz Tohidi, millət vəkili Aydın Mirzəzadə, Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı Şəmistan Nəzirli və başqaları nəşrin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda şəhid İlkin Seyidovun döyüş yolundan söz açılıb, onunla bağlı xatirələr dilə gətirilib.

Qeyd edək ki, kitabın müəllifi publisist Fəridə Rəhimli, redaktoru Zülfüqar Şahsevənli, rəyçisi “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR