Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı tədbirlər planı hazırlanıb
  • MƏDƏNİYYƏT

  • 11:45 01 Aprel 2019

Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı tədbirlər planı hazırlanıb

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin verdiyi sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. 

ONA xəbər verir ki, sənədə əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi, həmçinin mədəniyyət müəssisələrində yubileylə bağlı müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.

Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması planlaşdırılır.

Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi də yer alıb.

Bakı Xoreoqrafiya Akademiyasında “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məkətbi” mövzusunda elmi-nəzəri konfrans və “Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı” mövzusunda dəyirmi masa keçiriləcək.

Təhsil Nazirliyinin müəssisələrində yubileylə əlaqədar müxtəlif mövzularda elmi konfrans və fotolardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri” mövzusunda respublika konfransı, Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.

Bundan əlavə, Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin həyat və yaradıcılığına və “Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər planlaşdırılır.

Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri də olacaq. “Molla Nəsrəddin” Ensiklopediyası”nın, “Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyasının, “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında və Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələrinin keçirilməsi və s. tədbirlər də sənəddə yer alıb.

Mirmehdi Ağaoğlu

Teqlər: Cəlil Məmmədquluzadə sərəncam yubiley

OXŞAR XƏBƏRLƏR