• MƏDƏNİYYƏT

    14:40 18 avqust 2021

Cənnətin qapısı, Üzeyir bəyin ev muzeyindən tapılan barelyef - FOTOSESSİYA

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəli burada: Üzü Şuşaya - Zəfərin zirvəsinə doğru - FOTO - VİDEO

İkinci yazı: Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər - FOTO

Cıdır düzündə səhər və ya erməni rejissorun həqiqəti

Şuşada ilk səhərimizi açırıq. Dünənki yağış və soyuqdan əsər qalmayıb. Srağagün gecə Bakının bürküsündən qaçıb Şuşaya sığınanda bizə üst geyimi geydirən soyuq havaya düşmüşdük. Bu səhərsə günəşli olsa da, Bakıdakı kimi bürkülü deyil, arabir sərin meh əsir, kölgəyə keçdikcə isə sərinləyirsən, boğulmursan.

Planlaşdırdığımız kimi ilk gedəcəyimiz yer Cıdır düzü olur. Məncə Cıdır düzü haqqında məlumatı olmayan çox az adam tapılar, amma yenə də deyim ki, Şuşa yaylasının cənuba nisbətən daha yüksək hissəsində yerləşir. Bura Şuşanın əsası qoyulandan Qarabağ xanlığının önəmli mərasimlərinin, at yarışlarının, Novruz bayramının keçirildiyi yer olub. Elə sovet illərində də Cıdır düzü şuşalıların tez-tez baş çəkdiyi sevimli məkanlardan idi.

Cıdır düzünün qurtaracağındakı sərt qayalıqdan 200 metr aşağıda Daşaltı dərəsi yerləşir. Dərədən isə Daşaltı çayı axır. Qarşı dağlar, qayalıqlar Topxana meşəsidir. Cıdır düzündən Daşaltı tərəfə baxanda baş-başa dayanmış qayalardan qapı kimi bir mənzərə yaranır.

Yadımdadır, ötən il yaz aylarında keçirilən Moskva Beynəlxalq Film Festivalında erməni rejissor Civan Avetisyanın Qarabağda çəkilən (və Qarabağ müharibəsindən bəhs edən) “Cənnətə qapı” filmi də yer alırdı. Azərbaycan tərəfinin etirazından sonra film siyahıdan çıxarıldı. Filmin treylerində həmin dayandığım bu yerdən bir görüntü vardı ki, düz Daşaltı dərəsinə açılırdı. O səhnəyə baxanda içimi məzlumanə bir hiss titrətmişdi ki, biz bir daha o cənnət yerləri yalnız erməni rejissorların filmlərində görə biləcəyik.

O hadisənin üstündən cəmi bir ildən bir qədər artıq vaxt keçib və mən erməni rejissorun dayandığı yerdə durub həvəskarcasına olsa belə, o möhtəşəm səhnəni telefonuma çəkirəm və nə yalan deyim, sevinclə yanaşı, içimdən bir səs də erməni rejissorla razılaşmaya bilmir: bura həqiqətən cənnətin qapısıdır.

Şuşa Şəhidlər Xiyabanından alınan qisas

Cıdır düzünə qalxan yolun solunda Şəhidlər Xiyabanı yerləşir ki, qayıdan baş ora dönürük. Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov və Şuşa uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimiz dəfn olunub. Təxmin etdiyiniz kimi, ermənilər Şuşanı tutandan sonra Şəhidlər Xiyabanını dağıdıb, məzarları torpaqla bir ediblər. Xiyabanın girişinə lövhə vurulub, şəhidlərin dəfn olunduğu yer lentlə çəpərlənib. Çox güman yaxın dövrlərdə məzarların kimlərə məxsusluğu da dəqiqləşib baş daşları qoyulacaq və bura Şuşaya gələnlərin müqəddəs ziyarət yerinə çevriləcək.

Pənah xanın sarayı və ya Qarabağ xan sarayı

Mən deyərdim Şuşanın ən qədim tikilisi bəlkə də Cıdır düzündən enəndə təsadüf nəticəsində gəlib üstünə çıxdığımız Pənah xanın sarayıdır. Ona görə “ən qədim tikili” ifadəsini işlədirəm ki, saray 1752-ci ildə şəhər salınarkən qala divarları ilə eyni vaxtda, xanlıq ailəsi üçün tikilib və Pənah xanın iqamətgahı olub. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşayıb.

İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa isə Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşayıb ki, Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşaya hücum edən zaman məhz həmin sarayda qalıb və elə orada da qətlə yetirilib. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da var. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olub.

Planda düzbucaqlı formaya malik olan sarayın dörd küncündə müdafiə qüllələri yerləşdirilib, daxildə isə müvafiq otaqlar olub. Sarayın həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri öz təsirini göstərib. Təəssüf ki, işğal illərində bu böyük tarixi abidə tamamilə dağıdılıb, yalnız xarici divarları, qüllələrin bir hissəsi, bir də giriş tavanı qalıb.

İsa bulağı

Pənah xanın sarayında çəkilişləri bitirdikdən sonra İsa bulağına baş çəkmək qərarına gəlirik. Bunun üçün şəhərdən çıxıb meşənin içi ilə təxminən iki kilometr gedirik. Deyilənə görə, bu suyu XVIII əsrdə İsa adlı bir şəxs tapıb. O vaxtdan da bulaq onun adını daşıyır.

İsa bulağı sıx meşəliyin içində yerləşir. Şuşalılar dincəlmək üçün bura gələr, burada məclis qurar, şənliklər keçirərlərmiş. Elə ermənilərin də sevimli məkanı olub İsa bulağı. Onun üçün də Şuşanı işğal etdikdən sonra İsa bulağının üstündə istirahət mərkəzi tikib, dincəlmək üçün çardaqlar, kotejlər inşa ediblər.

Bundan başqa, bulağın yerdən olan köhnə gözü qalmaqla yanında iki gözlü yeni bulaq inşa ediblər.

Vaxt var idi, sosial şəbəkələrdə dostlarım tez-tez İsa bulağından şəkillər paylaşar və buraları nisgillə xatırlayardılar. O şəkillərin yenilənməsinə daha bir şey qalmayıb.

Mamay məscidi

İsa bulağındakı çəkilişlərdən sonra yenidən şəhərə qayıdır və bəxtimizdən elə Mamay məscidinin üstünə çıxırıq. Heç soraqlaşsaydıq, belə rahatlıqla tapammazdıq. Hər addımı abidə olan Şuşada özümüzü sənət ilahəsinin ixtiyarına buraxmışıq, qarşımıza hansı abidəni çıxırsa, onu çəkirik.

Məscid XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilib. İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin damında müəzzin üçün "güldəstə" quraşdırılıbmış. Məscidin ibadət zalı üç neflidir. Bu məsciddə pəncərələr binanın baş fasad və mehrab olan tərəfindən qoyulub. Mamay məscidi vaxtilə poeziya evi olub, hazırda plastikdən olan pəncərələri binanın işğal illərində ermənilər tərəfindən istifadə edildiyini deməyə əsas verir.

Məsciddən bir qədər aralıda isə Mamay bulağı yerləşir. Görkəmcə şəhərin əksər bulaqlarından seçilməyən Mamay bulağının da suyu gəlir.

Xan qızı Natəvanın sarayı

Şuşanın ən qiymətli mülklərindən biri isə Xurşidbanu Natəvanın evidir. Gəncə qapısına gedən yolun üstündə yerləşən bu daş bina özünün memarlığı, çoxsaylı pəncərələri və pəncərələri üzərində kəmər kimi uzanan “daş medalyon”larıyla ilk baxışdan diqqəti cəlb edir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdəki müxtəlif xidməti tikililərə malikdir.

Xan qızının evinə daxil olub, təhlükəli vəziyyətdə olan daş pillələrlə ikinci mərtəbəyə qalxırıq. Burdan sonra daha keçməyə yer yoxdur, dağılıb. Təəssüf ki, binanın əvvəlki dəbdəbəsindən heç nə qalmayıb, nə damı, nə zərif interyeri durur, divarların üstündə ağac, kol bitib, içi zibillə dolub. Bina böyük bir xarabalığı xatırladır.

Evin qonşuluğunda hazırda önünə “Xan sarayı” lövhəsi asılmış, cənub divarı kərpicdən, qalan divarları isə yerli daşlardan tikilmə başqa bir abidə də var. Deyilənə görə, bura Natəvanın atası Mehdiqulu xan Cavanşirə məxsus olub, sarayda “Dürrü yekta” deyə çağırılan Xurşidbanu da məhz bu evdə doğulub. Pəncərələrinin üstü “daş medalyon”lu mülkü isə sonradan Xan qızının sifarişi ilə memar Kərbəlayi Səfixan Qarabaği inşa edib.

Onu da deyim ki, çox vaxt internet resurslarında Xan qızının evi haqqında olan materiallarda atasının mülkü ilə özünün tikdirdiyi bina barədə məlumatlar qarışdırılır.

“Xan sarayı” planda 24x12.5 metr ölçülərə malik düzbucaqlı formasındadır. Binanın cənub tərəfdə üç giriş qapısı yerləşir ki, onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.

Evin birinci və ikinci mərtəbəsinin kərpic divarı oxvari tağlar və düzbucaqlı formaya malik pəncərələrlə həll edilib.

Təəssüf ki, “Xan sarayı” binası da hazırda acınacaqlı vəziyyətdədir, fasadı nisbətən sağlam görünsə də, daxili tikililər, pillələr, döşəmə və divarlar, dam örtüyünün taxtaları hər an dağılmaq təhlükəsi ilə üz-üzədir.

Xan qızı bulağı

Qarabağ xanlığının 1822-ci ildə ləğv edilməsinə, xan ailəsinin hakimiyyətini itirməsinə baxmayaraq, onlar öz mənəvi məsuliyyətlərini dərk edir və əhalinin rifahı üçün əllərindən gəldiyi qədər köməklik göstərməyə çalışırdılar. Bu baxımdan Xan qızı Natəvan şairliyi ilə yanaşı, bibisi Gövhər Ağa kimi xeyriyyəçiliyi ilə də tanınmışdı. Onun ən xeyirxah işlərindən biri isə Şuşaya su kəmərinin çəkilməsi idi ki, həmən kəmərin suyu ilə saraydan bir qədər aralıda onun adını daşıyan bulaq da tikilib. Xan qızı bulağı memarlıq üslubu ilə şəhərdəki digər bulaqlardan seçilir və Xan qızının evinin quruluşu ilə oxşarlıq təşkil edir ki, bu da onu kompleksin bir parçası kimi təqdim etməyə imkan verir.

Əsəd bəyin evi

“Xan sarayı”ndan bir qədər aralıda Əsəd bəyin evi yerləşir. Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa edilib. Bu binanın da önü kərpicdən tikilib və “Xan sarayı”ında olduğu kimi ikinci mərtəbənin pillələri evin sağ və sol qanadlarındandır, yəni aşağı mərtəbə ilə yuxarı mərtəbə arasında əlaqə yoxdur. Aşağı mərtəbədə adətən təsərrüfat əhəmiyyətli otaqlar, o cümlədən xidmətçilərin otaqları, yuxarı mərtəbədə isə yaşayış sahəsi yerləşib.

Əsəd bəyin də evinin kompozisiya mərkəzində T-formalı böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılıb.

Evin böyük və hündür otaqları sonradan arakəsmələrlə daha kiçik otaqlara bölünüb. Sovet dövründə “Xan sarayı”, “Əsəd bəyin evi” və onun yanındakı “Uğurlu bəyin evi”nin (bu mülkün “Uğurlu bəyin evi” olduğunu sonradan öyrəndiyimiz üçün təəssüf ki, çəkiliş etməmişik) də daxil olduğu ərazidə uşaq vərəm sanatoriyası fəaliyyət göstərib.

Üzeyir Hacıbəyovun ev muzeyi

“Üzeyir ömrü” filmindən də bildiyimiz kimi, dahi bəstəkarın evi Xan qızının qonşuluğunda yerləşib. Odur ki, qala divarları boyu uzanan enişli yolla gedib böyük bağa çıxırıq. “Üzeyir ömrü”ndəki məşhur yelləncək səhnəsi də səhv etmirəmsə, bu bağda çəkilib.

Maşını bağda saxlayırıq.

Bağın böyründəki əsas girişdən keçib Üzeyir bəyin ev muzeyinin yerləşdiyi həyətə daxil oluruq. İşğal vaxtı ev muzeyinin dağıdıldığını bilirdik, lakin öz gözlərimizlə görmək bizi ikiqat məyus edir. Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən olan Üzeyir bəyin evini bu vəziyyətdə görmək həqiqətən sarsıdıcıdır.

XIX əsrdə tikilən ev 1959-cu ildə ev-muzeyi olaraq fəaliyyətə başlayıb. 1978-ci ildə təmir edilən muzeyin həyətində bulaq kompleksi də istifadəyə verilib.

1992-ci ilə kimi fəaliyyət göstərən muzeyin 1700-ə yaxın eksponatı olub. İşğal zamanı Üzeyir Hacıbəyova aid edilən yalnız 136 şəxsi əşya xilas edilə bilib, qalanları ermənilər tərəfindən məhv edilib.

Evin ikinci mərtəbəsinə qalxan taxta pillələr, eyvan, dam, tavan tamamilə dağılıb, otaqları kol-kos basıb, içəri keçmək mümkün deyil. Birinci mərtəbənin ön divarı isə ortadan parçalanıb, hər an uça bilər.

Evin qabağındakı daş qalağının içindən gipsdən hazırlanma lövhə tapırıq. Bu, Koroğlunun təsviri olan barelyefin bir parçasıdır. Daş qalağını bir az da təmizləyib nə vaxtsa ev muzeyinin üzərinə vurulmuş qranit lövhənin qalıqlarını da aşkar edirik. Onları birləşdirməyə çalışırıq.

Lövhənin qalıqlarını görünə biləcək şəkildə düzürük ki, gələcəkdə burada təmir aparanlar fərqinə varsınlar və muzeyin eksponatı kimi bu lövhə qalıqlarını da qoruyub saxlasınlar. Çünki bu daş qalıqları da erməni işğalının izlərini daşıyır və Qarabağın ermənilər tərəfindən işğalından təkcə insanların deyil, dili-ağzı olmayan daşların, tarixi abidələrin də zərər gördüyünü bağırır...

(Ardı var)

Foto – İlkin Nəbiyev ©APAGROUP

ONA

Teqlər:

SON XƏBƏRLƏR