• MƏDƏNİYYƏT

    17:45 5 aprel 2019

Əbülfəs Qarayev ABŞ-ın yeni səfiri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-ın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, səfirə fəaliyyətində uğurlar arzulayan Ə.Qarayev Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Səfir Örl Litzenberger 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq, memorandumun yenidən imzalanmasının faydalı olacağını bildirib.

Nazir Ə.Qarayev Amerika Guşələri layihəsinə böyük önəm verdiyini və Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğulayıb.

Nazir Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Daha sonra nazir Ə.Qarayev cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirdi və qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət edib.

Səfir Örl Litzenberger dəvət üçün təşəkkürünü bildirərək, məsələni diqqətdə saxlayacağını qeyd edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR