• MƏDƏNİYYƏT

    15:09 15 sentyabr 2019

Əbülfəs Qarayev Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı çərçivəsində Özbəkistan Prezidenti ilə görüşüb

Özbəkistanın Kokand şəhərindəki qədim Xudayar Xan sarayında Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, festivala dünyanın 78 ölkəsindən xalq tətbiqi sənətinin peşəkarları, bu sahənin ekspertləri qatılıb.

Rəsmi açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyayev, hökumətin və parlamentin üzvləri, səfirlər, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və nazirliyin şöbə müdiri Günel Aslanova, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ölkəmizin nümayəndə heyəti, habelə festivalın fəxri qonaqları, müxtəlif ölkələrin təmsilçiləri və diplomatik korpusun nümayəndələri əvvəlcə Kokand şəhər Mərkəzi parkında quraşdırılmış dünyanın 70-ə yaxın ölkəsindən olan sənətkarlar tərəfindən hazırlanan əl işləri və tətbiqi sənət nümunələrinin nümayiş etdirildiyi xüsusi stendlərlə tanış olublar. Tanışlıq zamanı festivaldakı Azərbaycan guşəsinə də baxış keçilirib. Ölkəmizin müxtəlif bölgələrindən olan sənətkarlar tərəfindən hazırlanmış əl işləri və yeni sənətkarlıq nümunələrinin nümayiş etdirildiyi Azərbaycan stendi ilə tanış olan nazir Əbülfəs Qarayev ölkəmizdən gələn sənətkarlarla söhbət edib, əl işlərinə baxıb və onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycandan bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar Azərbaycanda işlənən xalq tətbiqi sənəti nümunələrini nümayiş etdirirlər.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyayev bildirib ki, tətbiqi sənət hər bir xalqın həyatında mühüm yer tutur. Belə festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib. 2000 illik tarixi olan Kokand Fərqanə vadisinin incisidir və bu qədim şəhər təkrarsız koloriti ilə fərqlənir.

Dövlət başçısı vurğulayıb ki, Fərqanə vadisi dünya elminə və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Əhməd Fərqani, Burxoniddin Marqilani, Zaxiriddin Məhəmməd Babur, Babaraxim Maşrab və digər şəxsiyyətləri tanımayan yoxdur.

Sonra Prezident Özbəkistanın digər şəhərlərinin tətbiqi sənət ustalarının uğurlarından danışıb.

Şavkat Mirziyayev festivalın fəxri qonaqları, o cümlədən nazir Əbülfəs Qarayevlə görüşüb, qısa söhbət edib.

Açılış mərasimi Özbəkistanın incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR