“Arif Məlikov çağdaş Azərbaycan musiqisinin ən böyük simalarındandır”.
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xalq artisti Arif Məlikovun vida mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, musiqi bəstəkarlıq məktəbinin layiqli davamçısı olaraq Arif Məlikovun Azərbaycanda yeni nəsil musiqiçilərin yetişdirilməsində çox böyük rolu və yeri var: “Arif Məlikovun haqq dünyasına qovuşması ilə aramızdan böyük bir şəxsiyyət getdi. Bu şəxsiyyəti biz itirmişik, amma onun adı daim Azərbaycan xalqının yaddaşında qalacaq. Düşünürəm ki, onun əsərləri heç vaxt səhnələrdən, musiqiçilərin repertuarından çıxmayacaq. Çünki bu musiqi Azərbaycan xalqının zəngin mədəniyyətinin parlaq nümunələrdir. Əminəm ki, Azərbaycan xalqı daim Arif Məlikovun əziz xatirəsini yadda saxlayacaq”.