Martın 26-da mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin direktoru xanım Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ONA xəbər verir ki, görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbirlə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.
O, komitənin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.
İrs Mərkəzinin direktoru M.Rossler isə cari ilin 3-6 mart tarixlərində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. O, öz əməkdaşları ilə birgə Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat verib.
Ümumdünya İrs Komitəsinin regional koordinatorlarının hər biri məsul olduqları regionların ölkələrinə dair məlumat veriblər. Mərkəzin direktoru M.Rosler qeyd edib ki, artıq ölkələr tərəfindən Ümumdünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda gündəlikdə 42 ölkədən Ümumdünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə həmçinin Komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər arasında sözügedən məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.